Tac demişəm
Mən düzünə qədəm basdım,
Yaşa səni, yaşa yaylaq!
Yolların nəfəsin kəsdim,
Yaşa səni, yaşa yaylaq!
Arzu edirdim uşaq kən,
Oynayardım dağlarında.
Qismət oldu görüm səni,
Ömrümün son çağlarında.
Səndən köçən ağır elə,
Başım üstə tac demişəm.
Qaşqayı tək elim vardır,
Deyiləm möhtac, demişəm.
Düzgünəm mən, saf eşqim var,
Çeşmələrin sayaq axar.
Səhəndin uca başından,
Həsrətlə «Dena»ya baxar.
İnlə dağlar
Yolları yorub gəlmişəm,
Gəzə-gəzə, sinlə dağlar.
Gül çiçəklər gətirmişəm,
Ətəyinə çinlə, dağlar!
Uzaqlarda tozum qaldı,
Dövran məni zülmə saldı,
Yarımı əlimdən aldı,
Yağı gəldi kinlə dağlar!
El mənim dərdimi bildi,
Gözlərimdən yaşı sildi.
Sovlətim inkar edildi,
Sən də ağla, inlə, dağlar!
Yad gözündə sözüm oxdur,
Qəmim var, sevincim yoxdur.
Düzgünün nisgili çoxdur,
Al köksünə dinlə, dağlar!
Sənə Gəldim
Elm-ü-hünər mədinəsi,
Sultaniyə, sənə gəldim.
Tarixin odlu sinəsi,
Sultaniyə, sənə gəldim.
Yerin beşinci cənnəti,
Elin ən uca himməti.
Dinin mücəssəm qeyrəti,
Sultaniyə sənə gəldim.
Şamdan gəlirdi xəracın,
Misirdən, Çindən də bacın.
Yoxmuş acın, yalavacın,
Sultaniyə, sənə gəldim.
Mən düzgünəm, oğlun sənin,
Qurbət çəkəni vətənin.
Ürəyimə aldım qəmin,
Sultaniyə, sənə gəldim.
Axar Olsun
Sultaniyə! Əbhər dağın,
Köksünə gül taxar olsun.
Yenə alaçıq qurulsun,
Şah Bulağın axar olsun.
Korluq çəkməsin ellərin,
Dağlardan daşsın sellərin.
Ağ bəniz sarı tellərin,
Bayğın-bayğın baxar olsun.
Allah qorusun Zənganı,
Sənə baxş etsin elxanı.
Cəvanların qeyrət kanı,
İldırım tək şaxar olsun.
Qəlbimi burda quyladım,
Qamətinə boy boyladım.
Gözəllərini hoyladım,
Dönüb canım yaxar olsun.
Suyun Lildi
Köhullər işdən düşübdür,
Şah Bulağı suyun lildi.
Bir içim su içənmədim,
Həsrətinəm neçə ildi.
Olaram mən sənə bərdə,
Sən nərdəsən, oğlun nərdə.
Dərmansan hər qəmə dərdə,
Səndən axan qızıl güldü.
Söz qoşdum ürək dağladım,
Qussədən çələng bağladım.
Çoxlarına mən ağladım,
Dərdimi tək Düzgün bildi.
Bilur lalə
Əski bilur laləsini,
Hər gün səhər-səhər silər.
Tozun alar, parıldadar,
Durub bir anlıq seyr edər.
Tikər yorğun gözlərini,
Sanki dalar keçmişlərə.
Ağ birçəkli qadın anam,
Heç baxışın sərməz yerə.
Başı uca, gözü diri,
Laləsinə baxar, baxar.
Baxışının vüs′ətinə,
Yoldan gələr güllü bahar.
Gözlərinin şoasında.
Dözümlərdən nişanə var.
Doğruluqdan, düzgünlükdən,
Sədaqətdən təranə var.
Azərbaycan ellərinin,
Anasıdır mənim anam.
Qəlbdən qopan şe´rlərimin,
Aynasıdır mənim anam.
Qəlbində zərrəcə toz yox,
Təmiz bilur laləsi tək.
Safdır, təmizdir, arıdır,
Köksündə alışan ürək.