Ayna

Ayna, göstər üzümdə,

Gizli qalan min qəmi.

Aydın elə aləmə,

Məndə olan ələmi.

 

Ayna yeri bəriyə,

Mənlə qabaq dur yenə,

Baxım görüm üzümə,

Gənclik izi gəldimi?

 

Zülal su tək saçanda,

Şavq üzümə salanda,

Mənlə qarşı duranda,

Əks edirsən dərdimi.

 

Gəl bir baxım üzümə,

Od saçılsın sənə də,

Alovladıb gör necə,

Yanğın ürək dilimi.

 

Ayna sənə kim baxıb?

Ürəyivi kim yaxıb?

Zülalında kim axıb?

Səndə var dərd qədəmi.

 

Anlamıram sözünü,

Toz dutubdur gözünü,

Kədər basıb üzünü,

Ötənlərin qəmlimi?

 

 

Püləyək

 

Boylanan bir çinarda,

Salmışdılar səs–səda,

Pıçıldaşan yapraqlar.

 

Göz qırpmışdım səsinə.

Qulağımın hissinə,

Vermiş idim təmərküz.

 

Heç görünüb qoparda,

Nazik yapraq xar–ha–xar,

Belə ağır səsilə?

 

Nazik yapraq nədir ki,

Sala uca bir səsi,

Xarıldaya beləcə!

 

Lakin quvvə toplansa,

Himmət odu odlansa,

Dünyanı da aşırar.

 

Könül, dinlə bu səsi,

Belə ağır həvəsi.

Nazik–lətif yapraqdan.

 

Deyərlər ki yığışsa,

Bir top milçək harada,

Neçə fili məhv edər!

 

Eləcə də yaprağı,

Bir çinarın budağı,

Salar göyə hay–havar.

 

 

Haman nazik yapraqlar,

Gurultular salarlar,

Toplansalar bir yərə.

 

Gəlin biz də yığışaq,

Ortada ocaq quraq,

Və püləyək közləri.

 

 

Sözünə

 

Ağzın açıb, danışcaq,

Heyran qaldım sözünə.

Bir ləhzəlik görüşdə,

Aşiq oldum özünə.

 

Az qaldı ki boğulam,

Yol tapmayıb qərq olam,

Suda batıb yan qalam,

Düşcək dərya gözünə.

 

Ellər sənin qurbanın,

Buyur nədir fərmanın?

Tapdım qudrət nişanın,

Gözüm dəyəcək üzünə.

 

Qaralıbdır dövr–bərim,

Gecə olub günlərim,

Möhtacam  mən dilbərim,

Sənin günəş üzünə.

 

Verəcəyəm bərk avaz,

Ki sən tək gül yaranmaz.

Yerdəki söz dayanmaz.

Baxma yadlar sözünə.

 

Eşqin sözün qanmışam,

Özüm vurğun sanmışam.

Bir baxışda yanmışam,

Yanağıvın közünə.

 

Ətir saçır izlərin,

Şafaq salır gözlərin,

Ağzındakı sözlərin,

Düzgün qurban düzünə!

 

 

Bayatı

 

Əziziyəm qəribəm,

Dərdə–qəmə nəsibəm,

Dağlar–daşlar ağlayın,

Vətənimdə qəribəm.

 

Yar tərk edib yanımı,

Dərd somurub qanımı,

 

Nazlı quşum uçubdur,

Canımı qəm biçibdir,

Həsrət oğub ürəyim,

İstədikcə içibdir.

 

Selmə dəyib belimə,

Zülmət çöküb elimə,

Əhvalıma ağlayın,

Həsrət qaldım dilimə.