Düzlər
Min dil ilə keçmişlərdən,
Ey verən min xəbər, düzlər!
Mənə deyin dünya boyu,
Nələr gördüz, nələr düzlər?
Day ürəyim olub şan-şan,
Dünya dönüb, sanki zindan.
Doymuşam mən yaşayışdan,
Həyatda yox səmər düzlər.
Zalim qalır düz taxtında,
Xalqın açmır gül baxtında,
Həyatın ən xoş vaxtında,
Burda ölür hünər düzlər.
Qucağızı açın yara,
Gələn vardır baxtı qara.
E′tibar yox dünyalara,
Ömürdə yox bəhər düzlər.
Gəzdim
Ömrümün ilk baharında,
Çıxdım güllü bağı gəzdim.
Tapanmadım sevgilimi,
Solu gəzdim - sağı gəzdim.
Həyatımda bülbül ötrü,
İşvə satan bir gül ötrü.
Vətənim ötrü, el ötrü,
Şad-şad oldum saqi gəzdim.
Qəmə vermək ara üçün,
Dərtlərimə çara üçün.
Bir ürəyi yara üçün,
Min dərəni-dağı gəzdim.
Oldum düşməni zülmətin,
Bir vurğunu təbiətin.
Baxçasını məhəbbətin,
Ömrümün xoş çağı gəzdim.
Seyr edəndə ilk baharı,
Görcək itirdim şux yarı,
Düzgün deyir: «bir gül sarı,
Başdan başa bağı gəzdim!»
Nəşidə
Zəngan, Əbhər, ey xilqətin,
Sevinc dolu nəşidəsi!
Ellərimin məhrum qalan,
Nisgil saçan cəridəsi!
Kim deyir tarixin yoxdur?
Zirvəsisən tarixlərin.
Yeddi min il məkan olmuş,
Bayatlara hər bir yerin.
Hekmət qanı cari edən,
Ürəyisən, sən İranın.
Şamatı, Misri seyr edən,
Gözüsən Azərbaycanın.
neşidə: moqəddəs surudların şah beyti
şe´rin ən güzəl mesrai
Durma dedi
Dedim: səni sevirəm mən,
Kəndimizdə qalma dedi.
Dedim xoşdur bu göy çimən,
Burda oba salma dedi.
Dedim: sınaqdan çıxaram,
Dedi: mən də vəfadaram.
Dedim: şəhrə apararam,
Onda məni alma dedi.
Dedim: şəhrə od bağlaram,
Dedi: daha mən dığlaram!
Dedim: sənsiz mən ağlaram,
Ürəyimi çalma dedi.
Dedim: de bir nədir çaram?
Dedi: mən bir kəndli yaram.
Dedim: səndən ayrılmaram!
Belə fikrə dalma dedi!
Dedim: gəl bəs bir baş qaçaq,
Dedi: yol çox, quldur oyaq.
Dedim: eldir bizə dayaq.
Gözlə nağıl olma dedi.
Dedim: eli oyadaram,
Dedi: kəs bu dili balam.
Dedim: zorlu olub obam,
Elədə bəs durma dedi.