A Dostlar

Amana, zara gəldim,

Halətim pozğun oldu.

Dövrəmə ətir saçan,

Məhəbbət gülü soldu.

 

Son günlü bir qocayam,

Cavanlar dinləyənlər.

Zülmətə yığılaraq,

Ömrümdən görmədim bər.

 

Şadlıq ki görənmədim,

Düzlük ki seçənmədim,

Zəhmətlə əkdiyimin,

Bəhərin biçənmədim.

 

Qaraldı günüm-ömrüm,

Əsgiklik gördüm dayım.

Bağırım basılaraq,

Həlqimdə qaldı hayım.

 

A dostlar! budur arzum,

Doğa bir qızıl günəş.

Və çıxaq günə bizlər,

Ucala candan atəş.

 

A dostlar! o gün olsa,

Açılsa lalə-vo-gül.

Çoxca yox, budur arzum,

Yaşayam təkcə bir il...

 

 

Qaşqayı Bayatıları

 

Gözəl alar Qaşqayı,

Gözdən salar Qaşqayı.

Dövranı seyr edincə,

Fikrə dalar Qaşqayı.

 

Gözəl süzər Qaşqayı,

Gönglüm üzər Qaşqayı.

Həsrətli göz yaşların,

Şe′rə düzər Qaşqayı.

 

Dağdan enməz Qaşqayı,

Beli sinməz Qaşqayı.

Qəribliyi, həsrəti,

Udar, dinməz Qaşqayı.

 

Dağdan baxar Qaşqayı,

Canım yaxar Qaşqayı,

Vaxtı gəlsə, yazçağı,

Sel tək axar Qaşqayı.

 

Dağda Bir Ahu Gördüm

 

Yolda axar su gördüm,

Suları duru gördüm.

Hanı mənim tüfəngim,

Dağda bir ahu gördüm.

 

 

Dönüb bir kərə baxdı,

Yayındı ox tək axdı.

Çatdı qaşın yay kimi,

Köylümün ucun yaxdı.

 

«Düzgün qocaldın!» dedi,

«Yaxşı ucaldın!» dedi.

«Yaddan, şahdan, düşməndən,

Axır bac aldın!» dedi.

 

 

Umma

 

Zöhrün çölü, gəlmişəm,

Ahuların yoxlayam.

Yorğun bir maral seçəm,

Ürəyindən oxlayam!

 

Bayram edəm oynayam,

Hicran hesarın  yıxam!

Əlindən «umm»a alam,

Xəstəliklərdən çıxam.

 

Əsir edəm qəlbimə,

Qəlbində yuva salam.

Düzgün ilqar, saf eşqin,

Canımı verəm alam.

 

 

Ay gələcək!

 

Ay gələcək! bunu bil,

Ki bir zaman burada,

Sanmadılar sözümü.

Küllədilər közümü.

Otladılar şe′rimi,

Dağıtdılar özümü.

 

Ay gələcək! agah ol,

Bu boğuntu içrə biz,

Gəlməyivi qanırıq.

Şənliyivi anırıq.

Bu qaranğu zamanda,

Odlanırıq, yanırıq.

 

Ay gələcək! deyilik,

Biz indinin insanı,

Yaranmışıq səninçin.

Çox çəkərmi gəlişin?

A yoldaşlar tez olun,

Gələcəyi gətirin!

 

Bu əsirdə danıldıq,

Zindanlara salındıq.

Anılmadıq gedirik,

Day buradan itirik.

Sənə lazım sözləri,

Budur, töhfə edirik.

 

 

Naxırçı

 

səhər günəş saçanda,

Naxır kənddən çıxırdı,

Turağayı uçanda.

 

Şafaq dağda sürüncək,

Naxırçının gözünə,

Toplanmış mal görüncək.

 

Çörəyini götürdü,

Əlindədə bir ağac.

Üz köşünə ötürdü.

 

Çıxıb gəzdi günəşlə,

Səhərdən ta axşama.

O havada, bu yerdə.

 

Gah dolandı gah yatdı,

Gah atladı arxlardan.

Gah quşlara daş atdı.

 

Gah oxudu «dardarı»,

Gah bir qaçaq mal sarı.

Tapdaladı yolları.

 

Günəş göydə qavzandı,

Beləliklə vaxt ötdü.

Naxır duycaq uzandı.

 

Naxırçıda burada,

Çöl quşların dinlədi.

Alax dərib də yedi.

 

Axşam vaxtı batıdan,

Qalxdı qara bir bulud.

Qara oldu asiman.

 

Yağış yağıb meh əsdi.

Gün əyilən zamanı.

Naxırçını su basdı.

 

Çökək verib bir daşa-

Çulun atıb başına,

Nəğmə qoşdu yağışa.

 

-Yağ yağ yağış doyunca,

Qoy becərsin əkinlər,

Çiçəklənsin bu dünya.

 

Yağ, su bağla güllərə,

İstədikcə şırılda,

Səmərin var ellərə.

 

Sanki bilir bulutlar

Naxırçının dilini,

Ağladılar zarha zar.

 

Tamam naxır çiməndə,

Su quşu tək çimildi,

Naxırçıda nəğmədə.

 

Azca keçmiş, səmada,

Qara bulud yan aldı.

Və sazladı hava da.

 

Günəş daha süründü,

Qurubun al şafaqı.

Məğribgahda göründü.

 

Naxırçı da yığdığı,

Alaxlarla, quşlarla,

Və naxırla yollandı.

 

Günəş batıb batmada,

Kənd içinə yetişdi,

Başladı mal ayıra,

 

Evə getdi sonrasa,

Olmuş idi gecə ki,

Girdi hisli bir dama.

 

Qarşılandı o şadca,

Uşaqlarla şam edib,

Başladılar nağıla.

 

Eşitdiyin, gördüyün,

Bir gün ömrü kövşnədə

Şərh eylədi etdiyin.

 

Uşaqlar da ən şirin,

Kəndin olan-qalanın,

Söylədilər hamısın.

 

Dedi axır ata ki,

Uşaqlara arvada – :

– Durun yataq da bəsdir,

 

Yenə səhər tez duraq,

Dünya bizi gözləyir,

İşi yerdə qoymayaq...

 

Söz acı

 

Ürəyim, söz acıdır,

Mətləb tap, gedib yazım.

Dərdimi bir–bir açım,

Qəmli kən par–par saçım.

Ağlasın zar–zar sazım.

 

Gözümün bulutları,

Çağlayır daha da çox,

Kimsəsiz yıxılmışam.

Təklikdə sıxılmışam.

Dərdimi heç qanan yox.

 

Şeirə tökəcəyəm,

Sızısın ürəyimin.

Şeirdə qalacağam,

Bahara salacağam,

Çiçəyin diləyimin.

 

Xalqımın şairiyəm,

Elimin bir işçisi,

Təbiət nəğməkarı,

Məhəbbət bəstəkarı,

Zülmətin döyüşçüsü.

 

Elivi–yurdunvu sev,

El ilə qalsın adın.

Bilmirəm Düzgün nədən,

Sən kimi bir şairdən,

Zəhləsi gedir yadın.