Səninkidir

Ana

Körpə vaxtlarımda,

Beşiyimdə yatan zaman,

Layla çaldın həzin səslə,

Nəğmələrlə yuxu aldım,

Röyalarda seyran qıldım.

 

İməkliyə-iməkliyə,

Ta atışdım yeriməyə,

«Tatı-tatı bala»,

Deyə,

Nəğmə qoşdun, qoşma dedin.

Oxşamalar gülləndirdin.

 

Qışda ağır gecələrdə,

Tapmacayla şe´rlərlə,

Nağıllarla başım qatdın.

Qoşma dedin pərdə pərdə.

 

Məndə olan bu şəlalə,

Həyəcanı sən oyatdın,

Cür-bə-cürə söz öyrətdin.

 

Yağış yerə damlayanda,

Qış ötülüb yaz çatanda,

Ulduz süzüb ay batanda,

Qızaranda dağda batı,

Qəmlə hicum eyləyəndə,

Gözlərindən yaş damladın,

Könülündən söz, bayatı,

Məni qıldın dərdlə aşna.

 

 

Boy atdıqca, iftixarla,

Boyuma sən boy boyladın.

Mənə corab toxuyanda,

Kürsüdə bağrına basıb,

Əzizliklə soy soyladın.

Beləliklə boya çatdım.

 

Yenə sözdən əl üzmədin,

Cavan vaxtım çaşan zaman,

Sözlə mənə inam verdin,

İncitdimsə çoxda səni,

Dodağın heç vaxt büzmədin.

Ürəyimin zəmisində,

Ana, şe´rin toxmun səpdin.

Öz oğlunu şair qıldın,

İncə qəlbə sözə malik.

 

Ana şerim bəs deməli,

Səninkidir, səninkidir.

Ana, mənim söz dövlətim,

Səninkidir, səninkidir.

 

Qurban olsun şe´rim sana,

Ey hünərli bilgin ana.

Söz dövlətim qurban sana,

Özüm ana, gözüm ana...

 

 

Sözü kəsgin

 

Həmədan danişgahında «Türk mədəniyyəti»

Movzuunda danışdığım munasibəti ilə.

 

Buəli mədfəninin nəzdində,

Həmədan şəhrinə bağlı «Biliyurd»!

Gəlmişəm, dinlə mənim sözlərimi:

«Səndə dörd yüz cəvanım dərs oxuyur,

Tikmişəm onlara mən gözlərimi!

 

Qoyma Təbriz silinə beynindən,

Qoyma köksüz yaşasın övladım.

Birdə çeynətsən əgər tariximi,

Qalxacaq etirazım fəryadım,

Sinən üstə qoyaram dizlərimi!

 

Elm ocaqlarını təsxir etdim,

Mən, şərəf qaynağı, adım Təbriz,

Mədəniyyət yaradıb ad etdim,

Səndə tarix boyu çox  saldım iz!

Burda axtarmalıyam izlərimi!

 

Təbrizəm, doğduğum hər bir fərdim,

Yeni hakim yaranır hökm eləyir,

Gördüyün dinlədiyin Düzgünə bax,

Elmi ötgün, sözü kəsgin danışır,

Tikmişəm mən ona öz gözlərimi.»

 

Bura «əl-Xəlil»dir

 

Bir dinlə Təbriz:

Burası «əl-Xəlil»dir!

Uzun əsrlər şəhəri,

Fələstin toprağının qaşdaşı,

Bilinməyir yaşı.

 

İbrahim hərəmini qucağında saxlayan yurd

Buradır!

Ətrafını sarmış yırtıcı ayı, ac qurd

Buradır!

Bəli, burasıdır.

 

Mən unudmamışam Kəfər Qasimi,

təl zətri

təl yasini

İndi təkrar olur o dəqiqələr,

Açılır qarşımda çox dəfinələr.

Şəhadət gənci var bu dəfinələrdə,

Qanlı qılınclar saxlanır bətnində onun.

Zənn etmə cinayət elə bugünmüş!

Tarixin ən əski səhifələrini,

Qana boyamışdır Bəni-İsrayil

Ləenu deyibdir Quran da ona

Əlləri zəncirə bağlanmış demiş.

İndi lakin bə´zən əllərin açmış

Özün üstün nəjaddan sayan şovunist

Musəlman qanına bələyir hər gün

Bura «əl-Xəlil» dir

Fələstin toprağının daş qaşı

Bilinməyir yaşı.

Qana bələndilər məzlum Ərəblər...

Onların da yaşları

Əl-Xəlil yaşı kimi heç bilinməyir...

İnsanlıq yaşı qədər yaşları vardır.

Ölməmiş burda öldürülənlər

Onların qanları

Mənim damarlarımda

Sənin damarlarında

Dolanır Təbriz.

 

Bura «əl-Xəlil»dir

Bosnada Serblər

Qarabağda Daşnaklar

Hamısı bilir ki

Bura «əl-Xəlil»dir...

 

Sultan Ərk

 

Mən yaramdan qan gedəndə,

Bivəfalar yan gedəndə,

Qorxmadım tərpənmədim heç,

Göylərə yüksəldi başım,

Canımı cananıma qurban edəndə.

Gün bə gün başım ucaldı,

«Ölməsin  Düzgün» eşitdim.

Kölgəsində ərlərin ərlər yaşadı,

Ərki millət qəlbinə sultan edəndə.

 

İnqilab oldu,

Yuvasız qaldı düşmən,

Qorxdu düşmən...

Qaçdı düşmən

Qaçmağilə millətə yol açdı düşmən...

Bir əmanət tək sənə tapşırdı Düzgün:

«Ərk»dir bu,

Yıxma nadan! rişəsi çox bərkdir bu

Candı cananın evində

Millətin qəlbində,

«Sultan Ərk»dir, bu.

 

 

Naşad

 

Yuxlasın həştisində qoy qapıvın,

Yeri yoxdur, yuvası yoxdur onun.

Dar-dünyada sərvətin seyr et:

Döşəyi, yorqanı: iki qardun.

Sənin ol saxtakar cəlalına heç,

Dəyməz əsla inan onun ölümü.

Gündə onlarca insan öldürüsən,

Qorxmadan,

Heç çəkinmədən vurusan!

Gecədir indi,

Qoy yatıb yatsın

Balaca bu səfil sərgərdan

Gündüz öldürdüyünlərin oğlu...

Yeni kənddən gəlib o Təbrizə

Anası: «-Şəhrə get bala! iş tap

Qeyrətinlə çörək qazan da»

Demiş.

Sənə bir zəhməti ki yoxdur onun

Gir ev içrə, qazanda asmışlar

Həmdə, çoxlu yemiş.

Təbrizin neməti sənin olmuş!

Nə bilim kimlərin döliymişsən!

Buda təqdirdir ki şirazdan,

Gələsən burda şahlığa cəllad!

Qapıvın həştisində bürgələnə

Qarduna,

Yata naşad.

 

Həyat danışar

 

Təbrizim! qeyrətinmi cuşa gəlir?

Qarabağda kəsildi əmcəklər!

«Mığrı»da portaqal satan nakəs,

Sənəmi bağlayır özün? bilməm!

Son sözün deynə, susma, bəsdir, bəs!

 

Mən ki insanlığa vurulmuş uşaq.

Erməni, Rus, Fars bilməz idim.

Demə uydurma bir fəsanə imiş!

Belə bir gerçəyi bu aldanışı,

Mənə dövran açıb, zəmanə demiş.

 

Bu həqiqətləri kitab yazmaz,

Yaşayış göstərər həyat danışar.

Dinə namusa küsməsə insan,

Hər yetən fikrə-zikrə aldanmaz,

Canını yurduna edər qurban.