İyirmi Yaş

Mənlə əkilən alça ağacı,

Əylənib bardan yenə budağın.

Sallanıb yenə turş alçaların,

Qamaşmırmı bəs sənin dodağın?

 

Sənə var mənim bir xoş xəbərim,

Qulaq vergilən deyirəm düzün.

Anam deyir ki hər ikimizdə,

İyirmi yaşa dolmuşuq bugün.

 

Anama görə, mən olan gündə,

Sən boy atıban çıxıbsan düzə.

Mənlə yaşayıb mənlə qalıbsan,

Mənlə dil açıb gəlibsən sözə.

 

Söylə görüm bu keçmiş yirmi il,

Ürəyində sən nə bəslədin bar?

İçdinmi hansı dilək şərabın,

Qaldı gözündə hansı arzular?

 

Söylə görüm bu kor yaşayışa,

Bildinmi neçün gəlibsən alça?

Yankilərin heç qanlı əlindən,

Bükülmüş qəddin gördümü haça?

 

Söylə görüm bir bu yaşayışın,

Dibi hardır başısa hara?

Bu hükumətdən heç ürəyinə,

Dəydimi minlər ölümcül yara?

 

Hər ikimizin ömürümüzdən,

İndi yirmi il ötübdür alça.

Söylə görüm bir istəklərindən,

Açıbdırmı nə qoynunda qonça?

 

Alça, təbiət bizi doğarkən,

Varlığımıza nə tədbir qıldı?

Alnımızın kor nüqtə-xətlərin,

Kimlər oxuyub, kimsələr bildi?

 

Alça dərd-qəmin iz qalıqları,

Sənində pozğun dərdində vardır.

Yirmi yaşında sən də qocasan,

Sənin də olma bu dünyan tardır?

 

Alça nə üçün pustun qaralıb,

Zülmət səni də basqınlayıbmı?

Olma ürəyin yanğın olubdur,

Sürərək mən tək minlər dərd-qəmi?

 

Nə üçün sənə rəğbət görünmür?

Nə üçün turşdur könlünün barı?

Olma ellərin gözündən salıb,

Sürgün edibdir səni də Tanrı?

 

Görürəm sənin barın ağırkən,

Ən qiymətli dir daha zəngindir.

Qol budaqların zordan əylənib,

Bu rəğbət görməz barlar səngindir.

 

Söylə görüm bir yaşıdım mənim,

Qalxacaqsan sən axır haracan?

Yorulub, durub, qayıdacaqsan,

Ya qaçacaqsan alça yaracan?

 

Alça dışqardan qocasansa da,

Hələ gəncsən, hələ cavansan.

Tatlı çiçəksən, təravətlisən,

Tikanlar içrə min gülüstansan.

 

Alça de görüm doğacaqmı yox,

Burada o şən o parlaq günəş?

Qurban alacaq minlər pərvanə,

Könlümdə çaxan sönməz bu atəş?

 

Alça de görüm yenə qalacaq,

Dodaqlarında quru sevdalar?

Bu düzüklərdən yenə solacaq,

Qoynunda açan tazə ilk bahar?

 

De görüm haçan bitəcək hicran,

Çatışacaqsan nə vaxt yarınla?

Edəcəksən bəs haçan ay alça,

Hansı ağızı şirin barınla?

 

De görüm haçan üstündən gedər,

Ağır təpiyi yad qonaqların?

Də görüm haçan şad nəğmə qoşar,

Qoynunda sızan bu dərtli tarın?

 

Alça deyirlər payız vaxtında,

Sənin turş barın çox şirin olar,

Dərisi partlar, bal çölə pırtlar,

Donun baş ayaq qırmız boyanar,

 

Sənin əl çatmaz budaqlarında,

Qızıl bayraqlar yelkən qaldılar,

Bir uşaq salar bir-bir daş ilə,

Sonra üstünə ağır qar yağar.