Müsafir
Sənsiz qaldıq gözəl bəs nə edək biz,
Salırsanmı yada heç bizi ya yox?
Həmişə biz sənə fikr eyləyirik,
Yoxsa ləbi qonça, gözü şux nə çox.
Qavdılar bir gündə səni vətəndən,
Hələ istəyirlər məni alsınlar.
Töhmət yağdırırlar dalınca sənın,
Aramızda bizim nifaq salsınlar.
Mənim eşqi böyük ey müsafirim!
Sənə «yoldaş» dedim, gəl fəxr eyləyək.
Həqiqət yolunda Düzgün qalmağı,
Bu yaman günlərdə vəzifə bilək.
Ayrılıq Sözü
Hərdən fıkır edirəm unudam səni,
Görürəm olmayan imkansız işdi.
Həyatım anları sənsiz keçəndə,
Bir yoldur yoxuşsuz, bütün yenişdi.
Səndən ayrılmışam, qəlbim acıyır,
Vəsf edə bilmirəm pozğun halımı.
Kimsə bilmir nədir, nəyimdir mənim,
Sən bilərsən ancaq bu əhvalımı.
Sən mənim eşqimlə silah geyinsən,
Özümü mən nakam his eyləmərəm.
Qarşısında dursan imperyalizmin,
Ayrılıq sözünü day söyləmərəm.
Nəğmə
Gör necə deşildi bağrımın başı,
Vay amansız xəzan nə vaxtsız çatdı.
Lalələr biçildi qanlar töküldü,
Turuncu gün axıb üfüqdə batdı.
Qoy sənin fikrinlə mən şən yaşayım,
Eşqin qollarıma quvvət bağışlır.
Qoy elə bilim ki sən yanımdasan,
Nəfəsin şe´rimə cür′ət bağışlır.
Bu xəyalla ki sən məni atmazsan,
Zülmü işkəncəni bəlke unudum.
Bu günlər ax necə sənsiz qalmışam,
Ey mənim vüqarım, mənim umudum.
Qoy deyim insana səadət verən,
Qanlı bir günəşi gətirəcəksən.
Qoy deyim ağalar şərlər önündə
Başını heç zaman əyməyəcəksən.
Halə sal şe´rimə, odlara dönsün,
Sənin məhəbbətin can verir mənə.
Amandır məzarım odlanar, yanar,
Bu canım yanmasa vətənə, sənə...
Qoy deyim dözülməz ağır günlərdə,
Sən çiyin-çiyinə mənimlə varsan.
Qırmızı bir gündə, məzarım üstə,
Fikrimi yaşadan dönməz Nigarsan.
Quru göl
Gəlmişəm qoynunda qalam, yalqızam,
Yatağım, otağım dağılıb mənim.
«Fürsət»im əlimdən getdi necə ki,
İllərdə gedibdir əldən vətənim.
Mənə öz qoynunda bu gecə yer ver,
Təbriz qırağında qalan quru göl,
Bu çöl qarış-qarış aşnadır mənə,
Aşnalıq olubdur yalan quru göl.
Görəsən Fürsətim nə edir indi?
Heç görünmür onun işığı ayda.
Deyirlər dustaqda tar da düzəlib,
Çalır dostlar üçün o boyda-boyda.
Bütün insanların səadətini,
Gözəl əllərilə tərənnüm edir.
Hər zəxmə vurduqca bir dönüb dalı,
Şirin-şirin baxıb təbəssüm edir.
Vüsətli ürəkli «Huşəng Fürsət»,
Darısqal zindanda məbhus olubdur.
Qanlı da′valara hələ düşməmiş,
Faciə görməmiş yaman solubdur.
Azadlıq həsrətli dartınan qəlbi,
Sökülür tökülür tar çalanda o.
Mən özüm özümdən çox utanıram,
Hər novruz zindanda tək qalanda o.
İşkəncə altında, çox bazcuların,
İnadilə fikrin taladı Fürsət.
Qara dustaqlarda dar sillullarda,
İlləri illərə caladı Fürsət.
Mən onun istirəm inci nəğməsi,
Havaya qalxanda alqana dönsün.
Mən onun istirəm oxuduğu şe´r,
Qanlı bir dənizə Ummana dönsün.
Istirəm ki onun gözəl adilə,
Qızıl şəfəqlərin içində uçam.
İstirəm dalınca dartınıb varam,
İşıqlı günlərin qapısın açam.
Unudma Məni
İndi sənsən mənim böyük ümidim,
Sevgili cananım unudma məni.
Ayrılıq sözünü söyləmə, aman!
Məni yaşadanım, unudma məni.
Qızıl gül doğanda məni yad eylə,
Fe′lələr qalxanda məni yad eylə.
İnqilab olanda məni yad eylə,
Ey gözəl insanım unudma məni.
Quvvət al cür′ət al məhəbbətimdən,
Səni mən sevmişəm, mən sevmişəm, mən.
Qəhrəman gözləyir bu gözəl vətən,
Mənim qəhrəmanım, unudma məni.
Dayqalardır
Dayqalardır göz tikmişəm əzizim,
Bacarıqlı ellərivin dövrünə.
Titrəyəndə sazin, mətin ruxsarın,
Yol açmışdır mən çün səhər şəhrinə.
Barmaqların axıntısı açacaq,
Könlümdəki açılmayan sirrləri.
Simlərinin incə-nəzik səsində
Canlanacaq əməlimin dəftəri.
Desəm yarır sızıltısı tarıvın,
Qızıl damar ürəyimi ən dərin.
İnan yırtıb boyayırlar al qana,
Öpüşəndə dalqaları səsivin.
Bir hadise, bir dirilik, bir ölüm,
Bilməm haçan qoydu səni qarşımda.
Yadımdadır ancaq bu ki o günü,
Quldurların zəhri varmış aşımda.
Yadımdadır ancaq, o gün duymuşdum,
Çağrılmamış qonaqların gəlişin.
Görmüş idim anam ləşi üstündə,
Yad elllilər atlısının yerişin.
O geceydi «Ariya»lar qulları –
Əlləriylə parçalandı nəğməmiz.
Bəlkə sənin nəğmələrin içində,
Gördük duru bir mavi göy, ən təmiz.
Gecə içrə gül nəğməni qaldıraq,
Ocaq quraq, naqus çalaq yollarda.
Oyandıraq yolçuları, dinləyək,
Salaq qara gecə içrə səs-səda.
Ay Səhər
Ay səhər! yadımda uşaq günlərim,
Anam ağzı sulu qış gecələri,
Səndən çox nağıllar deyərdi mənə,
Göz açıb görərdım açdı dan yeri.
İndi də gecədir, qış gecəsidir,
Bayırda əylənir budaqlar qardan.
Quşbaşı sanmayır heşcə, toplayır,
Dodağım partlayır ağır sükutdan.
Ən çirkin bir gecə, nifrətli gecə,
Basıb bürüyübdür yan-yörəmizi.
Yuxlayıb qalmışıq karvandan qıraq,
Səhərin dan yeri, gəl oyalt bizi.
Bilirsənmi məni nələr çulqayıb?
Gecə bayquşları qonub yurduma.
Ağ alaçığımın qızıl bayrağı,
Düşüb göydən yerə, sərilib yala.
Açıl, açıl səhər! məhəbbət eylə,
Basğın ver gecənin qara devinə.
Açıl, açıl səhər! yol işıqlansın,
Xatir cəm yollansın hər kəs evinə.
Doğ səhər, doğ səhər, qızıl qanla doğ,
Yanaşsın bir-birə qoy ürəyimiz.
Məhəbbətdən danış, qanad çal azad,
Çiçəklənəcəkdir şən diləyimiz.
Ürəyim acıdır, susuzdur, yanqı,
İstilik bağışla ona od ilə.
Qoyma düşsün işdən, oyandır, qan tök,
Qara gecə burda hakimdir hələ.
İftixarlı Ərk
Görürəm başından qopub tökülür,
Yeni kərpiçlər, ey iftixarlı Ərk!
Qol-budağın sınır, güllərin solur,
Düşürsən xəzana, növbaharlı Ərk.
Analar bağrını yadlar dağ etdi,
Gözlərindən qanlı yaşlar axıtdı.
Sənin hörmətivi Tehran dağıtdı,
Şərəflə ucalan ey vüqarlı Ərk.
Deyirlər ki burda gül gərək sola,
Abad gülzarları bayquşlar ala.
Bilməm neçün daha müsəllət ola,
Sənə bədkarə yad, xoş rəftarlı Ərk?
Duyar gözlə uca nüqtədən baxan!
Görsən yad əlindən həyatda aman,
Gələcəyə saxla bunları nişan,
Sinəsi xəzinə yadigarlı Ərk.