Oyağı
A qocaman bağvan! hara yatıbsan?
Güllərin içindən dur yol alağı.
Sayaq ol, zəhərli yağış əsibdir,
Məhv edər indicə bostanı bağı.
Ayıl, qızıl güllər bir-bir solubdur,
Butalara acı tikan dolubdur.
İstəyim-diləyim bax ki olubdur,
Gözəl əyləncəsi, yadlar oynağı.
Düzlüyü qoydular necə satına,
Qatladılar eşqi min bir qatına.
Qol qoymaz yadların təbliqatına,
İyidin bilgini, düzü, sayağı.
Zülmün hiddətindən zağ-zağ əsərəm,
Durmaram, zalimi geri basaram.
Gecələr kəndlərə qurban kəsərəm,
Əgər içələrində olsa oyağı...
İslahat
Bir gün şahlar şahı səhrə carladı:
«Hükmümüzlə bütün xan-bəylər ölür.»
Bilindirdi bilmir bu məsəli ki:
Yoğun incəlincə, incə üzülür.
A tərəqqi pərvər yuksələk yaranmış!
Fağıra-yoxsula verdiyin nədir?
Xanı-ərbabları çəkdin Tehrana,
Əkinçiyə taxdın başqa bir əmir.
Söylədin işçiyə, kəndliyə, xəlqə:
« - Ancaq təkcə mənlə işləməlisiz.
Ağa bir olacaq, Allahızda bir,
Feodallıqdan day qalmayacaq iz.
Göylərdə Allaha, yerdə də mənə,
Gündə bir neçə vaxt baş əyəcəksiz.
Quldurlarımınla hökümlərilə,
Yerli–yersiz məni hey öyəcəksiz.
Allahın kölgəsi, mevlanın əli,
Ağıllı sahibkar, şanlı bir şaham!
Nəjadım yüksəkdir, göydə günəşəm,
Mən ki darəndeyi şövkət-ö-caham! »
Yoğunu incəltdin, gətirdin dize,
«Nikson» çün eylədin gözəl islahat!
Amma çox güvənmə, elim düz desə,
Sənə göstərərəm a şərəfli Tat!...
Kəndli Qız
Lağ edirlər sənə «təmədünlülər»,
Düşübsən gözlərdən əzəl kəndli qız.
«O ancaq layiqdir yapma yapmağa,»
Budur sən üçün söz, gözəl kəndi qız!
Satışa qoymurlar bu kor bazarda,
Sənin bar–bəhərin, sənin əməyin.
Bilmirəm bu pozğun verana bağda,
Güləcəkmi haçan sarı çiçəyin?
Anavın qoynunda gül tək açılcaq,
Alnında yazılır qara yazılar.
Boy atdıqca artıq, günün qaralır,
Xəzana varırsan görməmiş bahar.
Kiçik ikən, süddən yanqı qalırsan,
Sonrasa yatırdır piyədə anan.
Şivənə qalxırsan varanda dərtlər,
Tapılmır dünyada sənə bir yanan.
Boy atcaq anan tək adət edirsən,
Zavallı qalmağa yazıq olmağa.
Gəncliyin çiçəyi doğanda səndə,
Gülməmiş başlayır qonçan solmağa.
Səninlə yaşayan fağır insanlar,
Həyatın sırrını açmırlar sənə.
Boylanıb qalxırsan çiçəklər ilə,
Satılırsan ay qız pullu kimsəyə.
Səhər hisli damda, tüstü içində,
Təndirdə ypaırsan güllü çörəklər.
Tutqun gözlərindən yaş axıdanda,
Sinələrdə necə titrir ürəklər.
Sonra axşama dək ilmə çalırsan,
Həm əlin həm xəli, qızıl boyanır.
Sızır barmağından qan damlaları,
Saldığın naxışda çiçəklər qanır.
Bir müddət dünyada ömür sürürsən,
Qoynunda açılır neçə qunçəcik.
Bəslənirlər, necə sən bəslənibsən,
Onlara yenə də «kəndli» deyirik.
Budur ərmağanı, budur sovqatı,
Sənə bu müqəddəs padşahlığın!
Zəncirlər qırılır yer üzərində,
Ay gözəl! fikr eylə, bir düşün dərin.
Afriqanın qara duzlu qızları,
Atəşlər açırlar «Haylaslasi» yə.
Bayrağın qaldırıb iyirminci əsr,
Sənə mən nə üçün yazım mərsiyə?
Azəri gözəli, yürü şəhərə!
Dayanma, bu qədər səbr etdin, bəsdi!
Çatışaq tezliklə bir–birimizə,
Gəl qaçırdaq burdan emperyalisti.
Qaytararam
Ümid bağlamışam illərdir sənə,
Gəlişini necə gözləyirəm mən.
Buludlar axırlar mavi səmada,
Lətif bir yağışı izləyirəm mən.
İllərdir üzünə həsrət qalmışam,
Ha qınaya yadlar inan dönmərəm.
Qorxmaram şimşəkdən fırtınalardan,
Mən parlaq günəşəm, heç vaxt sönmərəm.
Atlanıb dalınca hayğıracağam,
Ötəcəyəm bütün dərəni–dağı.
Səni qaytararam öz vətənivə,
Bu yurdu udanmaz heç zaman yağı.
Güllər Səsi
Rəməzan ayının on altısıdı,
Min üç yüz otuz beş hicri ilində.
Erməni qudurdu, daşnaq qudurdu,
Urmuda oyndı Berno əlində.
Cümə günü axşam, gün batan çağı,
Urmuda gəzirdi Rus saldatları.
Şəhrə gətirdilər nəft nasusların,
Oda çəkəcəkmiş daşnaq, bazarı.
Vəhşət yaratdılar ilk öncə orda,
Vurub öldürdülər on beş nəfəri.
Cavan, qoca, uşaq əlləri yalın,
Çöllərə sığındı axşamdan bəri.
Saldatlar şəhəri qoruq etdilər,
Asudə qarətə girdi daşnaqlar.
Hər yana nasusla nəft səpələndi,
Tustu qalxdı göyə odlandı bazar.
Çıxartdılar Ruslar malı şəhərdən,
Boşaldı dukanlar tamam, o gecə.
Zərgərin, baqqalın, yünçünün bütün,
Apardılar malın namərdcəsinə.
Daşnaq dəsisəsi, Rus əmri ilə,
Gecə səhərə dək talandı Urmu.
Şairin ürəyi necə yanmasın?
Alavlar içində, ah! yandı Urmu.
Berno uyandırdı, daşnaq Erməni,
Urmu fəzasında səhərə kimi.
Analar fəryadı qalxdı göylərə,
Kəsilmədi asla güllələr səsi.
Dan yerindən şəfəq yayılana dək,
Daşıdı daşqalar malı çöllərə.
Günəş düşər–düşməz dənizin üstə,
Timçələrdən alav qalxdı göylərə.
Urmunun bazarı yandı kül oldu,
Erməni silirdi tariximizi.
O evsiz, ulussuz, yurdsuz, yuvasız,
Obasız, vətənsiz istəyir bizi.
Alçaq təpələrdə vurnuxan quzğun,
Qartal yuvasında yaşaya bilməz.
Namərd, mərdi görsə gün işığında,
Qarşısına çıxmaz, qabağa gəlməz.
Gün çıxar–çıxmaz o Urmudan qaçdı,
Şəhri dağıltmışdı bayquş nəfəsi.
Urmuluya qoydu od, alav, cəsəd,
Analar fəryadı, güllələr səsi.
Kəsik baş
Burda, Qum şəhrində bir məzarlıq var,
Ona xalq içində deyilir: «Şeyxan!»
Bu qanlı məzarlıq yüz il olar ki,
Qoynunda saxlayır bir ulu insan.
Xalxalı Urmuy, Seyid Məhəmməd,
Urmiydan bura meraca gəlmiş.
Onun kəsik başı, kəsik qolları,
Yüz il bundan qabaq yurda yüksəlmiş.
Acı hikayə dir, acı bir nağıl,
Acı bir hadisə, acı macəra.
Şərhinə kimsənin taqəti yoxmuş,
Mənim necə gələr taqətim buna?
Qoy əvvəl həyatın söyləyim sənə,
Məzar sahibinin qissəsin deyim.
Sonra halın olsa, dözə də bilsən,
Zamanənin cövrün–cəfasın deyim.
Yerləşirdi bir gün «Yeddi Dəyirman»,
Gözəl Urmiyanın lap qucağında,
Otuz beş il orda ömür sürmüşdür,
Təqvalı bir seyid yetgin çağında.
Seyid Qafar oğlu seyid Məhəmməd,
Min üç yüz hicri də buraya gəlmiş.
Zənganda, Tehranda dərs oxumuşdur,
Sonra Urmiyaya gəlmiş yüksəlmiş.
Ramazan ayının on doqquzuydu,
Əhya saxlayırdı seyid məhəmməd.
Qur′an oxuyurdu namaz qılırdı,
Həm «bikə ya Allah» çəkirdi əlbət.
Beş daşnaq duvardan aşdı içəri,
Birdə Rus saldatı qabaqlarında.
Girdilər otağa, dedilər: «Malla!
Səni öldürməyə gəlmişik bura.»
İki rəkət namaz üçün izn aldı,
Amma baş səcdədən qaldıranmadı.
Ayaq üstə durub qəməsin çəkdi,
Daşnaq, əhvalına heç də yanmadı.
Kəsik baş fırladı səccadə üzrə,
Baxa–baxa qaldı onun gözləri...
Peyqəmbər nə´ti
Butu–butpərəsti eyləyən yalan,
Zalimlər qəsrinə vəlvələ salan.
Şahların şəmşirin əlindən alan,
Dalınca gəlirəm ya Rəsül Allah!
Fəsahət ölkəsi sənlə fəxr edir,
Məlahət ləşgəri ardınca gedir.
Xilqətdə partlayış bilmirəm nədir,
Dalınca gəlirəm ya Rəsül Allah!
Biliyin sirrisən, elmin şəhrisən,
Qeybin örtüyüsən, şe´rin nəhrisən.
Bəşər mücizəsi, icaz bəhrisən,
Dalınca gəlirəm ya Rəsül Allah!
Dedin: «Əyyühəl nas! bir olun hamı,
Ərəb, Türk, Hind, Əcəm yandırın şamı.
Qatın bir–birinə bütün əyyamı.»
Dalınca gəlirəm ya Rəsül Allah!
«Dosdoğru yol tutub qabağa gedin,
Fəzilət paylayın, yaxşılıq edin,
Yaşayış əsası əxlaqdır» dedin,
Dalınca gəlirəm ya Rəsül Allah!
Gülüşlər gülləndi gözəl üzündə,
Hekmətlər qaynadı yetgin sözündə.
Özətləndi xilqət sənin özündə,
Dalınca gəlirəm ya Rəsül Allah!
Mədhiyə yazmaqdan çəkindi Düzgün,
Sənə aşiq olubdur indi Düzgün.
Tərkinə düldülün bax mindi Düzgün,
Dalınca gəlirəm ya Rəsül Allah!