Hotel
Bura gəlir hər cür adam
Səhər axşam.
Əhvazdan, Tehrandan
Oğlan gəlir, qız gəlir.
Zəncandan, İsfahandan,
Ağalar, xanımlar,
Müsafirxanaçıdan otaq alırlar,
Neçə gün qalırlar.
Mənim otağımın bax lap dibində.
Hər cürəsi görünür.
Fəhlə həyatından xəbəri yoxlar,
Kəndlinin dərdini heç bilməyənlər,
Mə′murlar, pullular, axmaqlar, xollar,
Çoxlar, çoxlar.
Hələ xaricəli də buraya gəlir
Amrikanın Yankı qızı oğlanı,
Tüklü, yünlü, vəhşi,
Turistlik adilə
Vəhşilik edən, pul güdən.
Bura gəlir hər cür adam,
Səhər, axşam.
Acı cəng
Bu acı cəng nədir?
Kimdi soxulmuş vətənə?
Kim izin verdi girə xəsm bu dəşt-ö-dəmənə?
Sən, özün bir vətən oğlu sanaraq
Heçdə aldınmı önün böylə təcavüzkarın?
Xırdala sözlərini, hər nə varın söylə mənə!
Bəxtiyar indi Parisdə səni alğışlayaraq,
Əməlin xatirinə dəyqədə çimdik çalaraq,
Müjdə ərbablarına göndərərək padaş alır.
Səni gündən günə İranda oyuncaq kimi fırlandıraraq,
Millətin eşqinə amalına xor baxmaq üçün
Meydana salır.
Önünə hər gələni öldürüsən vicdansız
Partladırsan bizə bomba, Amerika bağırır.
Savaki – şahçı bütün ziddi bəşər ünsürlər
Meydana atdı səni boğmağa fəryadımızı
Qaynayır qanımız indi sənə lə′nət yağırır.
Maska vurdun üzünə, əldə əsarət ipini,
Liberallar əli ilə salasan boynumuza.
Odladın evləri bombayla həyasızcasına,
Öylə dəhşətli ki yandırdı odun qəlbimizi,
Adını qoyma bəşər sən, sənə yox istixlas.
İnqilab eyləmişik, tac-i kiyan qavzamışıq,
İrəli yüksəlirik biz iri addımlar ilə.
Bu polad əzmimizin kimsə dayandırmağını-
Bacaranmaz daha, sən
Kimdi göstər mənə o?
Sənə və′dəylə rəyasət verəcəkmi Reyqan?
Sən əsil oğlu deyilsən vətənin, ey şeytan!
Corc Bal sən kimi bir xayini təşviq edərək,
Sevinir İrana birdə qayıda istibdad.
Nə «zərurət» tanıyırsan, nə «güzəştə» nə də «hal»,
Nə «siyasət» nə də ki «mərhələ» nə «istiqbal»,
Sən kimi naxələf evladın əlindən fəryad!
Bax gözəl yurdumuz ötrü yerə düşmüş pasdar,
İnqilab oğludur o, qanmayacaqsan bunu sən.
Öylə xudxah bəşərsən ki sənə yoxdu vətən.
Səs səsə versən əgər min Amerikalı ilə
Yenə də inqilabın öz təriqi, öz yolu var,
Gedəcəkdi irəli, dutmayacaqdır ki qərar...
Rəhbəriyyət səni aldatmış, öyünmə özünə!
Rədd ol, it, get, daha bəsdir ki!
Yetər bunca xəyanət pişə!
Utan indi, belə qarşımda dayanma, durma,
Boynuna taxma mubarizlərin armın, azğın!
İnqilabın təməli gördü əlindən tişə.
Qarpıza işləyən ol beynini satdın beginə
Bomba verdi əlinə qan sorucu İsrayil,
Səqfin altında qalıb öldülər yüzlər insan,
Nə nubuğ əhli imiş sən! ölü qalxır yerdən!
İşi sahmanladı bir ləhzədə də İzrayil.
Sən eşitmək bacara bilməz idin,
Tinətin pis idi,
Heç dinləmədin İnqilabın nəğməsini.
Amerikanı yıxan gur səsini.
Fırtına qaldıraraq qana boyadın vətəni,
Mauistlər sənə «bəh bəh!» dedilər, «can!» dedilər,
«Naxələf oğlun olubdur.»
Anana
«Yan!»
Dedilər.
Elə zənd etmə ki bombayla bizi öldürsən,
Da qiyamət qopaçaq,
Güllər solacaq,
Günəşlər batacaq!
İnqilabın ağacı,
Bar gətirməz olacaq!
Bil ki şahlar şahının dərgahı od püsgürmüş,
Sutunu sınmış ila-axirə istismarın.
Bura İran deyilir
Qəhrəmanlar vətəni!
Gözün aç, yaxşıca bax,
Yaxşıca dinlə məni:
Azərilər qoruyubdar əbədi atəşini,
Daha bu ölkəyə dönməz yenədə istismar...
Haqq deyib, haqq eşidib, haqq yazaram,
Düzgünəm, bil, tanı sən!
Ağ dona tez düşəcəkdir ləkə, əlbəttə ki mən
Sənə əhsən demərəm böylə cinayətlər üçün.
Uçğun daxma
Tarixin iylənmiş səhifəsində,
Əsirik, ay aman!
Şeytan toru təki yan-yörəmizi,
Buruyubdur duman.
Əriyir uşaqlar bir parça buz tək,
Gəl bircə dayan!
Gülünc eyləyirlər istəyimizi,
Atəş aç! oyan!
Çək başıva elin qızıl meyini,
Aldanma Tatlara!
Unudma virana uçğun daxmavı,
Qoşulma yadlara.
Uğurlar!
Dur fışqırt əmcəklərini,
Yad yurda səpələ təmiz südünü,
Bitsin orda yenə odlu çiçəklər...
Yandı Urmu
Hicri 1335-nci ildə Urmunu daşnak ermənilər od çəkmişlər. Bu munasəbətlə böyük inqilabçı şair «Təqi Rəfət» farsca şeir yazmış «Təcəddüd» Gündəliyində nəşr etdi.
Aşağıdakı sətirlər onun şeirindən ilham alınaraq yazılmışdır.
Yandı Urmu,
Yandı Urmu,
Xoşluq ümmidi var idi sinənsində,
İranın baxtı açılmışdı səsində.
Gün bə gün abad olurdu,
Şad olurdu.
Düşmənin hər hiyləsi bərbad olurdu.
söylə Tanrı,
Hansı şeytan şərrinə tullandı Urmu?
Yandı Urmu,
Yandı Urmu!
Zülm,
Köksün Urmunun etdi pərişan,
Eylədi cansız, qərarsız, qıldı viran.
Qoymadı cəllad istibdadı əzsin,
Əzmini etsin nümayan.
Vah! ay
Qara baxt içrə
Allahım
Aman
Odlandı Urmu,
Yandı Urmu.
Öz ətəyində gəlib düşmən becərtdi,
Bu nə qəmdi, bu nə dərddi?
Düşmənin aldı qadasın
«-Sən qonaqsan!»
Söylədi:
«-Al, baldı, qənddi!»
Saxladı qoynunda
Vay Allah
Düşmənə aldandı Urmu,
Yandı Urmu,
Hər qaçaq namərd onun qoynunda qaldı,
O sığınmaq çün gələn nakəslərə
Evlər də tikdi, yer də saldı,
Qəlbi dərya tək, güvəndi dağlara,
Lakin nə gördü?
Bir iki gün keçməmişdi, fikrə daldı
Vay o güllü günləri ötdü, savuşdu.
Etimad etdi, inandı,
Yandı Urmu,
Yandı Urmu,
Amma mə′yus olma heç vaxt,
Allahın fəzlin dayaq et.
Ellərə ümmidi,
Sən,
Dərya qırağında mayaq et.
Qoy sənin əzmin, iradən sarsıda düşmənləri,
Sən yə′si qav, əzmi mayaq et!
Qoy acı günlər fəna olsun, yox olsun,
Ellərə vurğun olanlar yurda dolsun.
Bax!
Bu dərdə, himmətin dərmandı Urmu,
Yandı Urmu...
Üfüq
Dəniz qarşımda durmuşdur
Nə durmuş,
Dalbadal tufan qopur ondan
Xəyalda kayinatı seyr edərkən
Bax dalır insan
Üfüqdə
Ən uzaqlarda nə var bilməm,
Nədənsə tufan ağlımdan çıxartdı hər nəyi birdəm.
Sonu,
Rüyalı bir dünya,
Mənim eşqimdir amalım!
Dayan!
Qoy bir yada salım,
Qara tufan gedəndən sonra mavi bir dəniz,
Əlbəttə mavi.
Həm də aydın bir səma,
Bir göy qalar ondan
Xəyalda kayinatı seyr edərkən – ,
Bax dalır insan!
Mənim şəhrim, mədinəm, arzu yatmış üfüqlərdə
Onu görmək üçün qardaş
Qara tufana ol yoldaş
Mənə aydın üfüq lazım
Nə lazım can, nə lazım baş...
Bu sahillərdə qəm var, qüssə var,
Həsrət sürür fərman.
Dəniz qarşımda durmuşdur,
Nə durmuş,
Dalbadal tufan qopur ondan...
Mən insanam mən insan
Məndə «iman» var
Və həm iman dolu sevgi, məhəbbət, mehribanlıq,
Şənlik, insanlıq, fəravanlıq,
Və hərzaddan daha yüksək
Ürək var,
Çırpınan bir qəlb var,
Həmdə dilək var!
Ən sonu
Aydın üfüqlərdən gələn rüyalı bir dünya!
İcbarı İysar
Urmiyə danişgahında qurulan «səbk Azərbaycanı» qurultayında çıxısımı ləğv edən nadanlara.
Başım üstündə «Ələsgər» adlı bir alçaq yenə durmuş
O,
Gizli pərdə ardından
Fəravan əmrlər vermiş!
Mənə mane´ olur nakəs,
Deyir ki:
«- Söyləyin ustada bəsdir bəs!
Danışma «Səbk-i Azərbaycanı»dan!
Bizimki bir nümayışdır,
Fırıldaqdır,
Ötür qoy oynayım, dinmə!»
Deyir:
«- Fəryad qalxar sən danışsan bu qurultayda
Bütün Ellər.
Səni alqışlayar dillər.
Və məndən də alar nani, çirağı, həmdə ki yağı...»
Deyir, qorxur,
Deyir, qorxur...
Gəlib yaltaqlanır:
«- Ustad! iysar et! danışma
Bayıs olma bir tikkə nanə! ...
Yoxsa verrik ... səni,
Onda nə eylərsən?»
Başqası söylür:
«- Denə icbarı iysar!...»