Kül qalar
Gəl çıxart dəftərini, şe´rin oxu,
Xət-bə-xət qurban olum sözlərinə.
Necə mən söyləməyim heyranam,
O sədaqətlə dolu gözlərinə?
Ayıq ol düşmənivin hiyləsi var,
Kül qalar divanıvın közlərinə.
Dinləyirlər səni hörmətlə oxu,
Oxu gəlsinlər qoy özlərinə.
Sâhir oğlu sayılırsan, Düzgün!
Qorxma söylə sözünü üzlərinə.
Ustâd olmaq istər isən hörmət et ustâdına,
Kişmişə dönməz əzizim, ğurə, əngur olmadan.
Pâydar olsun nəvâmis-i uluhiyyət, deyə,
İçdi câm-i şovkərani, Türk məcbur olmadan.
Dərdinin zikrin edəndə, sovt-i əhsənlə danış,
Yoxdur tə´siri sözün hal olmadan şur olmadan.
El qəbul etməz, inanmaz sidqinə Düzgün sənin,
Ta Füzuli Qeysi misli ârdən ur olmadan!
Həbib Sâhir
Bahar dır, seyrə çıx, gülzârə gəl, yatma qara yerdə,
Bu dağlarda salıblar şaqqaşaq sellər, Həbib Sâhir.
Aşıq bağrına basmış sâzını səndən oxur bir şe´r,
Yanıqlı qəlbi üzrə sızlayır tellər, Həbib Sâhir.
Nə qədri zalimin tanki-tüfəngi bərqərar olsa,
Sən öyrətdin bizə kim susmasın dillər, Həbib Sâhir.
Zəmânın çərxi dönsün, ruzigârın dövri çevrilsin,
Səni yalquz-ü tənha qoydu bu illər, Həbib Sâhir.
Öpür Düzgün əlindən, yoxdu küfran ne´mətə bizdə,
Səni yâd eyləyir hər dəm bizim ellər, Həbib Sâhir.
Ülgü
Arzum bu idi cənnət edim başdan ayağa,
Hər bir küçəvi, hər bərəvi, döngəvi Təbriz.
Sən arzu edirdin bəşəriyyət yaşasın şən,
Mən də diləyirdim sənə şən günləri Təbriz.
Aldı qurur hissi məni Təbrizli sözündən,
Gəzdikcə bütün dünyaları, hər yeri Təbriz.
Hiç kimsədə yox səndə olan sir-sifət əsla,
İnsanlığa açdım bütün usturəvi Təbriz.
Ta dünyada qanun yaradan hər kəs utansın,
Alsın özünün beyninə məfkurəvi Təbriz.
Səndən hamı hər ölkədə təqlid eləsinlər,
Gəldim qərara, şahə çəkəm nəğməvi Təbriz.
Ülgü yaradam hər yeni nəslə ana, səndən,
Dünyaya yayam paklığıvı səlqəvi Təbriz.
Qoy qafiyələr hep qələt olsun, nə işim var,
Şe´rin yetər ancaq mənə.
Eşqi Böyük
Hər məsləkə, hər firqəyə öz başım uzaltdım,
Yalnız sənin eşqin səbəb oldu, bunu bilsən!
Caydımsa da, insana səadət dilədim mən,
Arzum bu idi yüksələsən sən günü-gündən.
Yad güllələdi dostlarımı əllərim üstə,
Qəlbim elədim uf demədən, onlara mədfən.
Mən yandım özüm, hər nəyimi bada savurdum,
Tək eşqi böyük Ərdəbilə söylədim əhsən!
Səndən sarıdır
Sözləri Xürrəm-dərəli, ləhcəsi dadlı dilbərim,
Aşiqinin acı qışa dözməyi səndən sarıdır.
Qaçğın olub dal çevirib yurda, elə, yuvasına,
Şirin canından əllərin üzməyi səndən sarıdır.
Xuyunun xulqunun sənin yox qoxusu burda gözəl,
Bıqmağı, bu həyatdan bezməyi səndən sarıdır.
Evdən əlin üzüb çölün dər-bə-dərinə çevrilib,
Yayı, qışı, dağ dərəni gəzməyi səndən sarıdır.
Mən bilirəm dözməz imiş zərrəcə Düzgün yalana,
Bunca yalanlara gözəl dözməyi səndən sarıdır.
Kimi var
Özünü özgə yanında kiçik ehsas edənin,
Zərrəcə dünyada heç ağlımı idrakımı var?
Sən çəkilsən qırağa, öz yolunu tapmayacaq,
Söylə dilbər bu Hüseyn Düzgünün aya kimi var?
Eldar
İnsana sevgi vəfâ bəsləyən inci şe´rin,
Səslənir guşey-i qəlbimdə həzin târ kimi.
Misli yox dünyada Türkün ədəbiyyâtında,
Rişəli köklü uzun ömrülü âsar kimi.
Niyyətin pak, ürəyin sidq ilə sərşâr eylə.
Dəhrdə yox əməlin yaxşısı isâr kimi.
Güvən ovladına, gəl iftixar eylə Düzgün,
Sənə qeyrətli oğul olmaz Eldar kimi.