Şanlı Türkcəmiz
Hər gün Xiyabani nütq söyləyir,
Arzusun, amalın hey bəyan edir.
Türkcə danışırdı fəsahət ilə,
Varlı Türkcəmizdə bəlağət ilə.
Dinləyənlər bütün heyran olurdu,
Əcəm hənasının rəngi solurdu.
Gözəl danışırdı Türkcəmizi o,
Ucabaş edirdi hər gün bizi o.
Könlü də, dili də maliydi elin,
Düz evlad unudmaz, danmaz öz dilin.
Qiyam qaldırmışdı şanlı Türkcəmiz,
Əymirdi Tehrana qəhrəman Təbriz.
Tehranlı özünə əydirəcəkdir,
Atlanıb Tehrana o gedəcəkdir.
Təzyiqlərə mə′ruz qalmış dilimiz,
Batil caynağında əsir elimiz,
Çiçəklənir indi, gülürdü indi,
Əhsən deyənlər, on yox, yüz yox, min di...
O, hər gün Təbrizdə bir nütq edirdi,
Məclisə «Rəf′ət»lə birgə gedirdi.
Dəyişirdi xəlqin mə´nəviyyatın,
Hər gün hiss edirdi səsin həyatın.
«Mə´nəvi təhəvvül gərək millətə,
Toplanın!»
Deyirdi hər gün ümmətə.
Bəliğ natiq idi, fəsih bir xətib
Türkcə-farsca yaza bilən bir ədib.
Birinci nütqündə opurtonizmi,
İfşa etdi dərin filosof kimi.
Birlikdən danışdı ikinci gündə,
İttihad qoxurdu onun sözündə.
«Milli hakimiyyət» üçüncü misdaq,
Olmuşdu nütqünə, onun sən bir bax,
Nə deyir? «- xaindir.» deyir: «- millətə.
Pul ilə seçilən hər nümayəndə!»
«Rə′y, polad qoludur, millətimizin,
Duracaq başında dövlətimizin!
Milli hakimiyyət əzəmətli dir,
Bu qudrət, bu izzət çox heybətlidir.»
Başqa bir nütqündə dedi: «- El! Öyün!»
El iradəsindən danışdı o gün.
«- Millət molududur.» dedi: «hukumət.»
«- Ona görə hakim olmalı millət.»
Dedi: «cəmaət bir mə′lum quvvədir»,
«- Kim deyir anonim bir məchulədir?»
«Tehran qorxacaqdır bizdən o gün ki,
Ondan hesab çəkib deyək: bəs hanı?»
«- Biz ilkcə Təbrizi, Azərbaycanı,
Sonra da Tehranı, bütün İranı.
Təcəddüdə sarı sovq verərik,
İrana əmniyyət biz gətirərik.»
Öcək-böcək!
Xiyabani «casus» adlandırıldı,
Ədəbsiz-kəmalsız dillər ucaldı.
Millət lakin buna qulaq asmadı,
Rusdan Almandan da gəlib bac aldı.
Özünü öldürdü «Kurət Vestru»
Rus girdi qınına, Fıransa qaçdı,
Alman binasına girən namərdlər,
İnqilabçılara hey atəş açdı.
«Qazaq xana» gəlib təslim olmadı,
Xəlqi incidirdi hər gün qazaqlar.
Əcnəbi əmrilə, Rus fərmanilə,
Günün bu millətin eyləyirdi tar.
Otuz bir xurdadda doşənbə günü,
Xiyabani gəlib nütüq söylədi.
Gözünü bağladı, ağzını açdı,
Bütün qazaqları təhdid eylədi:
«- Milli hakimiyyət istəyir millət,
Xoş gəlmir əlbəttə əcnəbiyə bu.
Millət çörəyini yeyən qazaq da,
Rus dəyirmanına hər gün tökür su.
Bu gündən şəhərdə silahlı gəzsə,
Cəsədi küçəyə səriləcəkdir.
Qazaq hər bir kəsə cəsarət etsə,
Millət onu burda məhv edəcəkdir!»
Qazaqlar dağıldı öcək-böcək tək!
Girdilər bir bə bir «Qazaq xana»ya.
«Eynöddövlə» qorxub girdi evinə,
Ala qapıçılar düşdülər haya.
Hər gələn qonağa üz verməz Təbriz,
Bu şəhərin «Qonaq qırdı»sı da var.
Xor baxmaq istəsə Təbrizə kimsə,
Donmuş daşa dönüb bir yerdə qalar.
Özlərin satanlar pis bir zadlara,
Cəhalətə düşmü, biliksiz olmuş.
Aslanlar yurdunda öcək-böcəyin,
Bağrıda çatlamış, rəngi də solmuş!
Yaşasın azadlıq
«Təbriz qailə»sin yatırdmaq üçün,
Yerindən oynadı dərbar büsbütün.
Tehrandan bir daha, bax, Eynöddövlə,
İki yüz min tümən pul aldı yenə.
Dedi: «- Dağıdaram mən məşrutəni
Yağılar əlindən allam vətəni!
Vermərəm əllərə Ala qapını,
Öldürrəm bir anda Xiyabanini!»
Tehran inanırdı Eynöddövləyə,
Vəliəhdin evi ordaydı hələ.
Tir ayının üçü, pəncşənbə günü,
Xiyabani aldı Ala qapını.
Dedi: «- firqəmizin siyasi yeri,
Buradır təcəddüd, kiçik binani-
Mədəni işlərə ixtisas verin
İnqilab səsilə qabağa gedin.»
O gün şadyanalıq edirdi Təbriz,
«Eynöddövlə»dən day qalmamışdır iz.
Vasmınca qaçmışdı av adı ilə,
Tehrana qayıdıb qaçdılar yenə.
Allah yardım etməz günahkarlara,
Yaxalayacaqdır, qaçsa da hara.
«- Yaşasın azadlıq!» səsi ucaldı,
Təbrizi İnqilab nəfəsi aldı.
Uşaq, qoca, cəvan, hey, dəstə-dəstə,
Gəlirdi bir-bə-bir «təcəddüd» üstə.
Oradan yollanıb «Ala qapı»ya,
«- Yaşasın, Yaşasın!» hey deyə-deyə.
Umumi əfv
Xiyabani o gün Ala Qapıda,
Əfv fərmanını sâdir eylədi.
Muqəddəs arman sahibi insan,
«Bağışlayın, keçin!» xəlqə söylədi.
Ala Qapı içrə Qur′an oxundu,
Aldı hukuməti özü əlinə.
Qudrəti millətə qaytardı o gün,
Söz vermişdi böyük şanlı elinə.
«Mirza Küçük Xan»a peyğam yolladı,
Dər hal «Hacı Axund» cəngələ getdi.
«Birgə həmlə edək Tehrana, qardaş!»
Bu peyğam «Mirza»ya əlbəttə yetdi.
Burda qurulmuşdu ulu hukumət,
Ən gözəl günlərin yaşadı Təbriz.
Əmniyyət hər yerə hakim olmuşdu,
Şərarətdən daha qalmamışdır iz.
Xəyalım dənizi mənim dərindir,
Cuma bilməzsən, sən bir nəhəng olsan.
Könlümün dünyası intihasızdır,
Gələ bilərsən, sən, ümidə dolsan.
Təbrizi xəyalda təcəssüm eylə,
Durnalar göylərdə qatarlanırlar.
Badam ağacları ağ çiçək açır,
Qış gedir, hər yanı bürüyür bahar.
Arxlardan arxmaqda bal şəlaləsi,
Yaşıllıq şəhərdə ucsuz, bucaqsız.
Tüstü qalxır bütün damlardan göyə,
Kimsə qalmamışdır gecə ocaqsız.
Qur′an təlavətin dinləyir hamı,
Minarədən qalxır əzan nəğməsi.
Mə′buda baş əyir gün batan çağı,
Hər kəs məscidlərdə qaldırır səsi.
Əsil mə′nəviyyat bürüyür yurdu,
«Rüşdiyyə»lərdə burda bərpa edilir.
Təskin tapır qəlbi, şair də deyir:
«- Səadətə doğru Təbrizdir gedir.»
O qızıl dövranı tarix unudmaz,
O günlər baharın gəlin çağiydi.
Təbriz bir şəhər yox, bir hukumət yox,
Həyat nəfəsiydi, izzət bağiydi.
Mələklər göylərdən yenərək yerə,
Çiçək yağdırdılar Təbriz üstünə.
Lâkin, hər zamanda olduğu kimi,
Əhrimən durmuşdu onun qəsdinə.
Didərginlik
Tarix döndü, bir gün, başqa bir «dövlə»-
«Baş vəzir» məqamın keçirtdi ələ.
Rusvay olub qaçdı «Vusuquddövlə»,
Gəldi iş başına Muşiruddövlə!
«Muxbirussəltənə» oldu valisi,
Hiyləkar o tülkü bilirdi işi.
Şəhrivər ayında gəldi Təbrizə,
Çökmüşdü «dövlə»lər burada dizə.
Lâkin bu tülkünün çantası dolu,
Hiylələr, məkrlər ilə dopdolu.
Simasi dəyişik qəlbi qapqara,
Özüdə bilirdi kim gəlmiş hara.
Təbrizə baş əyir geniş üfüqlər,
Bilir «Mehdiqulu», əyməz bu şəhər.
Kainat borcludur, dünya borcludur,
Təbriz dünyasına, səma borcludur.
Dizə çökdürmək çin belə şəhəri,
Hiylənin, riyanın çox var əsəri.
Qaldı şəhr içində on-on iki gün,
Sonra etdi Qazaq Xanada düyün.
Son nütq
Oğlunu o gecə qucaqlamışdı,
Ona ana qədər bağlıydı Təbriz.
Yanıb alışırdı ana adına,
Tarixdə qoyurdu muqəddəs bir iz.
Son kərə olaraq Ala qapıda,
O axşam minbərdə bir nütq söylədi.
Boğazından qopan e′tiraflara,
Allahı, mələyi şahid eylədi:
Mənim sözüm budur: «- Eşitsin hamı,
İslamın, qur′anın yurdudur bura.
Biz islam quluyuq, mə′nəvi qulu,
Dönmərik bu yoldan getsək də hara.»
O gün Zihəccənin son günü kimi,
Kədərlə yad etdi məhərrəmlikdən.
Dedi: «- Dinləyin siz İmam Hüseyn(s)in,
Vida′ xutbəsini bir az dərindən.
Bax! İmam Hüseyn(s) tək mən də deyirəm,
Ölkədən yığışsın zülmün bəsati.
Məni öldürsələr, dara çəksələr,
Atmaram muqəddəs ulu inadi.»
***
Bu, son nütqü idi Xiyabaninin,
Qanadın sərmişdi qaranlıq gecə.
Səhər nə doğacaq heç bilinmirdi,
Ulu fâciəni mən yazım necə?
Riyâkarlıq
Muxbirüssəltənə, hiyləkar tülkü,
O gecə hərzada bir səqqə vurdu.
Unutdu azadlıq iddiaların,
Dedi qazaqlara: «- Kodita edin!
Öldürün, yandırın, dağıdın, yıxın!
Onun axırına, sonuna çıxın!
Boğun hər bir yanda azadlıq səsin,
Millətin boğazın, kəsin nəfəsin.
Əsməsin dağlarda bir də yaz yeli,
Ötürün şəhərə güclü, gür seli!
Qurudun ürəkdə arzu çeşməsin,
Boğun hər bir yanda azadlıq səsin!...»
***
Şəhrin altı aylıq əmniyyətini,
Pozmağa sərf etdi o himmətini!
Şəhrivər ayının iyirmi biri,
Gecə vaxtı, Qazaq aldı şəhəri.
Həmlə eylədilər Ala Qapıya,
Qan qusdurdular o gecə hamıya.
Öldürüb, qan töküb, od yandırdılar,
Donun yığıb köçdü ölkədən bahar.
Əmniyyət pozuldu, zülm aldı yerin,
Yenə böyük millət oldu didərgin.
Üç yüz evi Qazaq qârət eylədi,
Tülkülük tarixdə bax gör neylədi?
«Muxbirüssəltənə» girəndə şəhrə,
Üç günlük qârətə verdi icazə.
Sonra «Xiyabani» cənazəsini,
İstəyib qazaqdan, «- tez gətir!» dedi.
«Xiyabani» səhər dəstnamaz aldı,
Təht əl-hənkini boynuna saldı.
Həsən, Haşım, Mahmud, Rubab, Fâtimə,
Namaza qalxdılar anayla birgə.
Namaz qurtarmamış döyüldü qapı,
«Sərtip zadə» idi. «- Gəlmə heç bəri.»
Dedi: «Evdə qal, heç eşiyə çıxma,
Gözlə məni gəlim sənin dalınca.»
Lâkin o gəlmədi nahara qədər.
Şeyx Məhəmməd qaldı, etsin nə təhər?
Mən yaza bilmərəm, sən düşün dərin:
Bax qızım, yerinə «Sərtip zadə»nin,
Qazaqlar gəldilər gün orta çağı,
Tutsunlar bu evdə bir «Ulu yaği».
Xiyabani damdan qaçırdı dama,
Xeyrünnisa verdi tüfəngi ona.
Vurdular Qazaqlar «Xeyrünnisa»ni,
Elə bil Zeynəb(s)i ya ki Zəhra(s)ni.
Kiçik uşaqları əsir etdilər,
Kitabın dağıdıb şeyxin, getdilər.
Söz verdi
«Şeyx Həsən Əli»yə sığındı rəhbər,
Şeyx, şucaət ilə göstərdi hünər.
İçəri həyətə Xiyabanini
Aparıb, gizlətdi o fədayini:
Qur′an fədayisin, dil fədâyisin,
İslam fədayisin, el fədayisin.
Günəşi gizlətdi bir zerzəmidə,
Şeytan at oynadır, bax sən taleə!
O gecə, o evdə kimsə yatmadı,
Başından pərişan fikri atmadı.
Xəyallar o gecə göylərə uçdu,
Dedilər: «- Muqəddəs arzular puçdu!»
Gözlərdə göz yaşı həlqələnirdi,
Göydən yerə mâtəm hey ələnirdi.
Sabaha yollanan arzu qonağı,
Yandıra bilmirdi bircə çırağı.
Dedi ki: «- Əzan ver!» Şeyx Həsən Əli:
«- Gedim başdan savum başa gələni.
Danışım Muxbirüssəltənə ilə,
Səni əfv eylədi o kafir, bəlkə!»
Xiyabani dedi: «- Cənab Şeyx! Aman!
Mə′nəvi məqamın yüksəkdir utan!
O namərdcəsinə vurubdu xəncər,
Namərd ilə dostluq olur nə təhər?»
Şeyx dedi: «- Qoy gedim bəlkə tapdım yol,
Sən də bir az dəyiş, bir az sakit ol!»
Xiyabani dedi: «- Cənab Şeyx! Dinlə!
Əvvəl ilqarım var mənim dinimlə.
Muqəddəs bu yolda şəhid olmağı,
Seçmişəm seçmərəm alçaq qalmağı.
Mənə də sənə də Hüseyn(s) movladır,
Başımız üstündə vardır bir qadir.»
Üzünü, gözünü öpdü Şeyx onun,
Dedi: «- Qal evimdə sən, olsun bugün.»
Şeyx Məhəmməd ona birdə söz verdi:
«- Görsəm mən evində sənin Qazaqı,
Mərmi oynatmaram, tüfəng atmaram,
Mən bu macəraya səni qatmaram.»
Şəhadət
O gün birdən birə ikindi çağı,
Həyətdə Şeyx gördü dörd beş Qazaqı.
Əlində tüfəngi vura bilərdi,
Ayağı üstündə dura bilərdi.
Bir ləhzə düşündü, vermişdi ilqar,
Öz-özünə dedi indi üç yol var:
«- Birinci yol, həmən təslim olmaqdır,
Bu yolu seçən hər bir kəs alçaqdır.
İkinci budur ki Qazağı vuram,
Bir daha tərpənib ayağa duram.
Bu da mümkün deyil, dosta verdim söz,
Mənim əməlimə dünya tikib göz.
Ona dedim ki: «Mən etmərəm də′va.
Bax, sənin evində salmaram ğovğa.»
Üçüncü yol qalmış: şəhadət yolu,
Düzgünlük, sədaqət, eşq ilə dolu.»
***
İyirmi ikinci gün şəhrivərdə,
Matəm öz qanadın sərmişdi yerə.
Bir daha Aşura təkrar olurdu,
Bir bağrı qan lalə yenə solurdu.
Bir başqa şəhidə məzar qazıldı,
Onun baş daşına belə yazıldı:
«Eşqin me′racına şəhid qavuşdu,
Mələyi də ötdü, göydən savuşdu.
Fəzilət şəhidi uçdu göylərə,
Cəsədi orada sərildi yerə.
əqidə uğrunda, məram uğrunda,
məsləki uğrunda, inam uğrunda,
şəhid oldu, Hüseyn(s) movlası kimi.
Ağrısı ağrıdır mənim qəlbimi.»
Fatəhə
Cəsədi süründü xiyavanlarda,
Yüz minlər quruldu xətm o şəhidə.
Qəsbkar bağladı hər bir məscidi,
Təbrizdə ürəklər döndü məscidə.
Bir də «Sadiqiyyə» mədrəsəsində,
Gizlicə fâtəhə oxundu ona.
Hər kəsin ağzından atəş yağırdı,
Bazarda, küçədə çox yana-yana.
Ağladı Tehran da, Rəşt də, Şiraz da,
Həqqin bardağilə sirab olanlar.
Deyib ağlaşdılar Fars şairləri,
İnsanlıq mülkünə qədəm qoyanlar:
«Məzlum Xiyabani» qanı qaynasa,
Bütün kəfən geyər İran ölkəsi.
Göylərdə tüfəngi onun oynasa,
Bürüyər dünyanı həqqin nəfəsi.