ŞAİR HÜSEYN DÜZGÜN ŞERLƏRİNDƏ NƏSİMİ
Hələb Cənnətə dönsə, yaddan çıxmaz Qarabağ
Eldar M. Sədiq
İmadəddin Nəsiminin Azərbaycan dili və Fars dilindəki şerlərini İranda nəşr edən şair Hüseyn Düzgün, 2010-cu ildə Suriyaya səyahət edir, o bu Səyahətdə Hələbə gedir və Azərbaycanın mistik poeziyasının köhnə şairi və atası İmadəddin Nəsiminin məzarını ziyarət edir. Vəsf edilməyən xəyal gücü ilə keçmiş, indiki və gələcək vəziyyətlər arasında bir əlaqə qurur və həmin səfərdə başverən macəralar əsasında şer məcmuəsini hazırlayıb HƏLƏB LÖVHƏLƏRİ adı ilə nəşr etdirir. Hüseyn Düzgün, İmadəddin Nəsimi kimi insanlığı və xeyirxahlığı düşüncəsində, əqidəsində və şerlərində göstərir. Qarabağ uşaqlarının yuvasız qaldıqlarını, zülm görmüş Fələstinli uşaqlara oxşadır və Hələbdə Səlcuqlular qalasının və Şam yaxınlığında Əlvafidin şəhərinin bu evsiz uşaqlara bir sığınacaq olduğunu bəhs edir və həmin uşaqların yuvasız qalmayıb bir sığınacaqları olduğundan şad olur.
İmadəddin Nəsimi və Hüseyn Düzgün
Nəsimi orta əsrlərin qaranlıq dövründə yaşamış, insanların azadlığı üçün mübarizə aparmış, öz əqidəsi və eşqi yolunda şəhid olmuşdur.
Hüseyn Düzgün, alim, ədəbiyyatçı, filosof və şairdir. O, öz elmi fəaliyyətləri yanında şah rejiminin qaranlıq dövrəsində baş vermiş zülumlərə qarşı mübarizə etmişdir. Onun nəşr olan əsərləri yüz əlliyi aşıbdır, həmin əsərlər nəzəriyyədən, təlifdən, tənqid və şer məcmuələrindən ibarətdir. İllər boyu müəllim vəzifəsində İranın müxtəlif şəhərlərində Azərbaycan dili və Ədəbiyyatını təlim edib, həmin yöndə Azərbaycan dilini yaymışdır.
İmadəddin Nəsimi Şeri Haqqında
İmadəddin Nəsimi 9-cu əsr olan orta əsrlərin qaranlıq dövründə yaşamış, və həmin əsrin mistik və sufizm əqidələri təsiri altında olmuşdur. Ancaq Azərbaycanın klassik şer qaydaları onun yaradıcılığının inkişafına təsir etmədiyini, söyləyə bilmərik. İncə xəyal, məqbul mübaliğələr və gözəl təşbehlər Nəsiminin şerlərinin qızıl yarpağıdır. Bu gözəl şerlər ancaq Azərbaycanlı, Türk, Fars və Ərəb millətləri arasında deyil bəlkə digər ölkələrdə o cümlədən Özbəkistan və Gürcüstan kimi ölkələrdə də əhəmiyyətə sahibdir.
Nəsiminin zatında şairlik varmış, o gənclik illərindən şer yazmaq ilə mübarizəyə başlamışdır. İlk şerləri eşq və məhəbbətdən ibarət olub, ancaq düşüncəsinin əqidəsinin inkişafı ilə şerinin məzmunuda dəyişilib.
İmadəddin Nəsiminin, Fəzl-ul-llah Nə`imi Təbrizi ilə görüşür, onun əqidələri və düşüncələri təsirində mübarizəyə başlayır və Nə`imini özünə mürşid seçir, Hürufiliyə bel bağlayaraq ictimai və siyasi etirazlar əsasında mübarizə yoluna daxil olur. Özünü bir zahid və alim kimi göstərən həmin əsrin hakimi əleyhinə ayağa qalxır, insan hüquqları və insanlıq yolunda cəsarətli sözləri ilə mübarizəsini davam edir.
Əldə olan ədəbiyyatlarda göstərildiyi kimi, şerlərinin hamısı Nəsiminin cəsur və igid olduğunu həmin xasiyyətlərlə zalım hakim ilə münaqişəyə girdiyini göstərir. Onun şerlərində istər gənclik illərində yazdığı qəzəllərində və ya sonralar yazdığı etik poeziyalarında insanlıq yolunda mübarizə etdiyi və humanist olduğu aşkardır. Bu şerlərinin obyektində insan dəyərini göstərmək və insanlıq əhəmiyyətləri görünə bilər. O qəzəllərində, insan əqli, insan düşüncəsi və insan əqlinin yaradıcılıq qabiliyyətlərini şərh edibdir. O, İnsanı tanrının təcəssümü bilir və hörmətə layiq görür. İmadəddin Nəsiminin şerlərində Quran ayələri və ibarələrinin nüfuz etdiyi, İslama etiqadı olduğu, Peyğəmbəri mədh etdiyi və hürufilik əqidələri olduğu hər kəsə aydındır.
Hürufilik
Hürufilik, Şiə aləminin təsəvvüf qruplarından biridir. Həmin ekolun sosial düşüncəsi insan hüquqlarının bərabər olduğudur. Onlar, öz əsrlərində olan zülmlə mübarizə edirdilər.
Hürufilikdə olan ideologiya bundan ibarətdir ki insan Tanrının təcəssümü və təzahürü ola bilər. Hürufiliyin və həmin sufi təriqətin ən tanınmış alimi, mübarizi və düşüncə sahibi olan İmadəddin Nəsiminin bütün təlaşları, İnsan və onun yaradıcılıq qabiliyyəti əsasındadır. Nəsiminin düşüncəsinə görə insanın yeri çox əzəmətlidir, və Allahı və ya digər heç bir kainatı tanımaq olmaz, məgər insan vasitəsilə.
Böyük ad, kiçik dünya, müqəddəs quran, Tanrı təcəssümü, Allahın kitabı, gizli xəzinə, obyektlərin mahiyyəti, adlar və mesajlar, gözəl şahid, dini hikmət ... kimi ifadələr bir sıra nümunədir.
İmadəddin Nəsimi, Hüseyn Düzgünün Şerlərində
Hüseyn Düzgün təxəllüs edən, Prof. Hüseyn Məhəmmədzadə Sədiq, Mədəni – İctimai sahələrdə fəaliyyət edən assimilyasiyaya qarşı mübarizə aparan alim, ədəbiyyatçı, filosof və şairdir. Həmin Şair, 2009-cu ildə Suriyaya Səyahət edib və bu səyahətdə İmadəddin Nəsiminin Hələb şəhərindəki məzarını ziyarət edir. O, bu səyahət müddətində, öz xəyal gücündən həmçinin Nəsimiyə həsr olunmuş sözlər və ifadələrdən istifadə edərək, hikmət və zövqlə dolu Azərbaycan dilində bir əsər yaradır, həmin şer məcmuəsini “Hələb Lövhələri” ismi ilə nəşr edir. Bu şer məcmuəsində, müxtəlif hadisələr xüsusilə həmçinin zalimlərin əli ilə dərisi soyulan İmadəddin Nəsiminin müxtəlif macəraları şer qalibində şərh edilmişdir.
Nəsimi Qarşısında Təvazökarlıq
- Düzgün bu kitabda Nəsimiyə xitab yazır:
Sən söz etdin ilm-ul Əsma rümuzundan
Ən-əl Həq söylədin.
Sən Təala şənə-hu-llah-ü Əkbərdən danışdın.
Beyt-i Məmurdan söz etdin,
İnşərah-i Sədr qıldın,
Əvvəl-ü axır hüv-əl həy-i əlləzidən dəm vurub.
Cəm-ul Huruf etdin özün!
Haş lillah, mən bu dar-ul mülkdə,
Sənsiz gəlib rah-i müsəffa axtaram!
Sadiq-ul əhd-ul mübin sən,
Sadiq-ul vəd-ul əmin sən,
Zilli sani sən,
Qul hüvəl rəhman sən,
Kəbeyi əlhan san,
Konto kənzullah san,
Lövhəşəllah,
Sən kəlamullah-i həqsən!
Vəch-i əhsənsən,
Nur-i vahid,
Mətləul ənvarsan sən
Məzhər-i Allahsan sən,
Sən Məsihullah san,
İnni Ənəllah söyələyən bir zati əlasan,
Sən bəşər surətli həqsən,
Mən bəsirətsiz bəşər. Xanəsiz, yurdu dağılmış
Sərkeşəm mən.
Şair Hələbə gedərkən bu şeri yolda yazmışdır, Əlləmul Əsma, Ənəlhəq, Təalişən, İnşerah-i sədr, Cəm`ul Hüruf , Haşullah, Rah müsəffa, Sadiq-ul vəd-ul mübin, Sadiq-ul əhd-ul əmin, zilli sanı, Kəbə-tul hənnan, konto kənzəllah, ləvhəş, mətlə-ul Ənvar, məzhərullah, məsihullah və digər sifətlər ilə Nəsiminin əzəmətli məqamını göstərir. Bunun qarşısında özünü kiçik ifadələrlə şərh edir, xanəsiz, yurdsuz, sərkeş və mərifətsiz bilir. və Nəsimi qarşısında hörmət etməyi arzulayır:
Ey camaat! Əscodu! Əscodu!
Şairin sinəsində Qarabağ Matəmi
Göründüyü kimi şair Hüseyn Düzgün, sinəsində böyük bir matəm daşıyır və həmin matəmi atası Nəsimi ilə paylaşmaq istəyir.
O vəhşi erməni daşnakları vasitəsilə işğal edilən Qarabağ matəmini ən böyük matəm bilir, həmin məsələyə görə özünü “xanəsiz” və “yuvasız” izah edir.
Hüseyn Düzgün digər bir şerində Azərbaycan övladlarının Qarabağda evsiz yuvasız qalmaları haqqında nalə edir, həmin məsələni vəhşi İsrail rejimi vasitəsilə yuvasız edilən Fələstin uşaqlarına bənzədir, və bu uşaqların Suriyanın Əlvafidin şəhərində bir yuvaya sahib olduğundan şadlığını ifadə edir.
Bura “Əlvafidin”,
“Şam”ın yanında bir şəhərcikdir,
“Fələstin” köçkünləri,
“Suriya”ya gələn məzlum qaçqınlar,
Burda yerləşir ....
Bura “Əlvafidin”,
Fələstinlilərin ikinci vətəni,
Düşərgələri.
“Şuşa”nın, “Laçin”in, həm “Xocalı”nın
Köçkünlərinin
Varmı bu dünyada belə bir yeri?
Məzlumlardan müdafiəsi və zalimlərdən nifrət
Hüseyn Düzgün bu şer məcmuəsində, İmam Hüseynin dəlirliyini, 72 vəfalı və sadiq fədaisini, həmçinin həzrəti Zeynalabdinin igidliyindən söz edir. O, həmçinin xanım Zeynəblə dərdləşir. O bu şerlərində zalım hakimlərin məzlum millətə zülmlərini əks edir, məzlumların yanında durur, Yəzidin xanım Zeynəb vasitəli abırsız olduğundan söz edir:
İndi mən burdayam,
Lap o yerdəki
Ona “Rəs-ul Hüseyn” adı verilib.
Məni qəhər tutu,
Necə ağlamayım burda, ay bacı!
Gətirildi bura elə bu gündə,
Azadlıq istəyən neçə baş bu gün,
Necə ağlamasın qanlı daş bu gün!
Hüseyn Düzgün, digər bir şerində Xanım Zeynəblə danışır və onun dəlirliyindən söz edir:
Sənin şücaətlə dayanmağını!
Məzlum üçün yanıb dolanmağını,
Sərməşq eləyirlər dolanmağını,
Dinlə xanım Zeynəb, xanım Rüqəyyə ...
Səlcuqlulara və Suriyadan qalmış əsərlərinə fəxr etmək
Şair Şamda yerləşən Səlcuqluların qalasını əks edir, Suriyanın Ərəb xalqı hənuz bu qaladan istifadə etmələrindən şad olduğunu şerlərində göstərir.
... Səlcuq baba!
Dinlə səsim, qərinələr ardından,
Bu gün sənə güvəndim,
“-əhsən baba!” söylədim.
Soyumun hər bir yerdə
Güvənci, qıvancı var.
Hara getsən izim var,
Təranəm var, sözüm var,
Birdə ki külliyyəm var!
Mənimki “Təbriz”im var.
Oxtay və Nəsimi
Şair Hüseyn Düzgün bu şer məcmuəsində dostu Əlirza Nabdeldən söz edir. O, Nəsiminin dərisinin soyulmasını, SAVAK cəlladları vasitəsilə işgəncə edilən və işgəncədən sonra müalicə edilib yenidən sorğuya alınan Əlirza Nabdelin vəziyyətinə oxşadır.
Sən ölümlə qol boyun oldun
Ölümlə həm yaşadın,
Həm yaşatdın sən onu.
Sənsən “İmadəddin Əli”
Hulul etdin mənim cismimdə!
“Oxtay” ilə birgə yol gedərkən,
Qəlbimin dərdin bağırsaqlarda axtardın.
Qan içən cəlladları şərməndə etdin,
Sən əsarət zəncirin açdın ayaqlardan.
Odlu fəryadlarla hayğırdın:
Aman!
“Oxtay Nəsimi”!
Ərəb uşaqlarına insansevərlik hissi
Hüseyn Düzgünün humanist və insansevərlik hissi həmin şer məcmuəsində xüsusilə “Əbyəz olsun” şerində görünür. O, bu şerində insanların bərabər hüquqlara sahib olaraq qardaş olduqlarına təkid edir. O irqçilik, faşizm və pan ideologiyasından öz nifrətini həmin şerdə əks edir.
.. sabahın xeyr olsun Ərəb balası
Sabah Əzanilə qalxırsan evdən,
Zibil qablarını gəzib axtarıb,
Bir şeylər tapasan,
Evə aparasan.
Ax!
Arxanda ən yüksək binalara bax,
Plakardları gör, elanları gör,
Nə qədər təmizdir bu ağaların əksi.
Nəsiminin düşüncələri diridir.
O, Nəsiminin məzarını, aradan getmiş cəsədini və ya cansız bədənini ibadət etməyi, müasir insana layıq görmür. Bəlkə belə düşünür ki Nəsiminin düşüncələri, Nəsiminin özü kimi göydədir, müasir insan bu düşüncələr və ideologiyalardan istifadə edərək, dürüst yaşamağı tapmalıdır.
Sövtsan,
Fəryadsan!
Bir işıqsan,
Mövcsan.
Bax!
Dâdsan sən!
Sən quru çöllər qərargahında bir nəğmə,
Qərib bir ritm sən,
Ahəngsən,
Sən!
Bir nəsimsən,
Əsdiyində can verirsən, ruh alırsan,
Zalimə bidadsan sən!
Sən ey sultan-i aləm!
Dönməyə hər bir cəhdə qadirsən əlbət ....
Nəsiminin Təbrizli olmağına Vurğu
Şair Hüseyn Düzgün şerlərində İmadəddin Nəsiminin Təbrizli olduğunu vurğulayır və məzarı Sur xalqı üçün müqəddəs olduğundan şadlığını göstərir.
“Hələb”ə gəlmişəm
Sənin soyulduğun yerə
Nəsimi babam!
“Təbriz”in qoxusun, “Təbriz”in ətrin
Bir daha məndən Al! ....
Şair, şah rejimində Təbrizə daxil olmaya yasaq qoyulduğunu həmçinin mənəvi atası Nəsimi ilə eyni zata sahib olduğunu isə vurğulayır.
Təbrizə girişim yasaqlansada!
“Hələb”ə, yasaqlanmamış!...
... Sənin mərdliyini təhsin edirəm.
Məzarın üstündə,
Çox rahat,
Danışa bilirəm,
... ah!
Sərbəstlik,
Azadlıq!
Suriyada Türkmən Hürriyyətinin hifz etməsi
Şair, Şamda Türkmənlərin məhəlləsində gəzərkən, Təbrizin küçələrini xatırladığını söyləyir.
“Hələb”də gəzdiyim bu küçələri,
“Təbriz” küçələri zən edirəm mən.
O, Suriyanın Şam şəhərində Türkmən bir gənci gördüyündə, ona öz oğlu kimi deyir oğlum ana dilində danış!
Gur şəlaləsən
“Məhmət!”
Oğlum!
Danış dadlı dilinlə,
Əlini qoy mənim isti qəlbimə,
Qoy səndən “Yaşar”ın qoxusun alım,
“Eldar”ın, “Səhənd”in ətrini duyum,
Qoy sənə “Səttarxan” söyləyim bir an,
Viqarlı yerişli,
Ay Türkmən oğlum!
Nəsimiyə bir töhfə
Professor Hüseyn Məhəmmədzadə Sədiq, Nəsiminin Azərbaycan dilində və Fars dilində olan Divanlarını redaktə və nəşr edib. O, həmin kitabları Hələb şəhərinə aparıb və bir töhfə kimi Nəsiminin Məzarına qoyub.
Nəsimi!
Gətirdim öz Divanını
Məzarın üstə.
Topladım dağılan sətirlərini,
Bir yerə yığmışam qəzəllərini.
Hələb cənnətə dönsə, yaddan çıxmaz Qarabağ
Şair Hüseyn Düzgün, Qarabağın işğalını özünün və Azərbaycan xalqının ən böyük matəmi bilir. O, bu hadisənin mənəvi atasına şərh etməkdən utanır. Həmçinin Qarabağ Şikəstəsinin Hələb şəhərinin Türkmənlər məhəlləsində səsləndiyini vurğulayır. Hələbin ağ saqqalları dilindən deyir:
... bir qoca oturdu eyvan önündə,
Dünyanı, Varlığı seyr edən kimi.
Bir yerə baxdı o, birdəki göyə,
Ah çəkib “ Qarabağ” oxudu birdən,
Bürüdü səsi
“Hələb”in “Türkmənlər Məhəllə”sində
Hər yeri, Hər yeri.
Şâhə çəkdi qoca
Göylərə sarı
Deyirdi ki: “Hələb cənnətə dönsə, yaddan çıxmaz Qarabağ....”