İntiqam
İntiqam almaq əgər istərsən,
Qoy uşaqlar atılıb düşsünlər
Gül çiçək dərsinlər
Haqların kimsə əlindən alsa
Qoy bağırsınlar olar
Haqqı fəryad eyləyib
Haqqı çağırsınlar olar
İntiqam almaq əgər istərsən
Qoy bütün yerləlrdə
Oxusunlar balalar dillərini
Yazsınlar
Qorxmadan
Urmu bərəsində də gül əkmək üçün
Sahili qazsınlar.
İntiqamım belədir.
Yaralı əllərimi
Sizə sarı uzadıb
Dənizə qarşı dayanıb
Sizə «sağ ol!» deyirəm,
«Şən yaşa!» söyləyirəm.
Himmət
Təbrizliyəm, damarımda Təbriz axır qan yerinə.
Eynalı dan cəddim «Ağa Mir Əli» dir
O, dağlardan durub gəlmiş baxır mənə
Qızıl sular məhəllində yurd salmışdır,
Orda məscid qayırmışdır.
Məşrutə inqilabında
Özün hər bir geriçidən ayırmışdır.
Mən, torunu o Seyidin
Özümü Təbriz bilmişəm.
Dünyanın hər bir yerində,
Özümdən kimsəni əsla
Heç yuxarı görməmişəm,
Buna «mubahat» demişəm.
Söz vermişəm, əzəl gündən
Fəzilətlər yayan elə,
Xidmət etmək şuarımdır,
Susmamışam, durmamışam,
Söz verdiyim fəzalara iz salmışam.
Xidmət üçün yol tapmağa,
Fikrə-xəyala dalmışam,
Buna «sədaqət» demişəm.
El düşməni, dil düşməni, təqva, fəzilət düşməni,
Bir sözlə şah məfkurəsi qarşısında dayanmışam.
Eşqim qalxıb səmalara,
Şö′lə içrə odlanmışam,
Buna da «qeyrət» demişəm.
Kök salmışam, iz salmışam
Qutsal Təbriz yollarında,
Qaragiləm sevməsə də,
Qurbətlərdə buruq-buruq cığırlara düşsəm belə
Qopmamışam öz kökümdən,
Buna da «himmət» demişəm.
Vəhy
Səhər sabahının ulduzları
Üfüqdə axıb
İtəndə gözlərdən,
Mənim də köksümə bir söz qığılcımı axdı
Səhər itib getdi.
- Nə idi?
Xatirəmin sandığı nə boş görünür?
Bir qaranquş idi,
Ya ki bir ulduz?
Və ya köpüklənən ağzın köpükləri idi?
Və ya ki şö′lə çəkən atəşin şərarələri?
Nə idi,
Söylə gilən!
- O bir qığılcım idi
Şəhid məzarına bənzər bir ayədən qalxdı,
Gedib o göylərə bir vəhyə çevrilib gəldi,
Mənim də köksümə axdı,
Səhər itib getdi...
İxtiyar
«-Atan harda ölüb?»
Sordum.
«Yataqda!»
Söylədi nakəs!
«- Baban harda ölüb?»
Sordum.
«- Otaqda»
Söylədi nakəş.
Yataqlarda, otaqlarda ölənlər nəslinə söylə:
«- Da bəsdir, bəs!»
Denə:
«- Atlar belində, mən ölənlər nəsliyəm
Ordan axır qanım
Orda bəslənib canım.»
Yataq sağda! otaq solda, ulu meydan da qarşımda,
Onu seçməkdə «sahib ixtiyaram» mən!
Və la cəbrən və la təfviz
Özün bil!
Burda bircə sən,
Və birdə biz.
Dalımda isə şanlı,
Həm də şövkətli ulu Təbriz.
Yuxu Tə′biri
Təbriz,
Mənim ey mə′bədim, ey qibləgahım!
Gördüm yoxumda dün gecə
Nura bürünmüş bir ilahi heykəlin timsalı olmuşsan.
Bəh bəh, necə!
Xoş atrili bir camə dolmuşsan!
Sübhün əzan çağı
Təravət, mə′nəviyyət, yüksəliş, billah!
Bürümüş, sarmış afaqı.
Söküldü dan yeri,
Gördüm Səhəndin damənin,
Ellər axarın.
Ya Əli İbni Əbitalib!
Əsanı birdə vur
qoy sinəsindən yeddi göz axsın daha
görmüşəm mən sübühün ağın
yuxum tə′birimi bu?
Zirvə
On il qabaq,
bir gün, bir qış günüydü.
Əlimdə üç səfhə kağiz,
Girdim içəri
Otaq elə həman bu otaq.
Qarşıladı məni Kirmanlı bir seyid
Dedim:
«-Tərhe məcəlleye türki dârəm mən!»
Dedi:
«Ma inca əslən türki nədârim.»
Amma aldı layhəni, bəyəndi dedi:
«Bâşe, biyâ, esmeş «Səhənd», çetore?
To həm moqavemi mânənde in kuh!
Xəm be əbru nəyâr,
Of nəgu əslən...»
On il keçir indi o gündən, Səhənd!
Sənin on illiyin mubarək olsun.
O gündən bəri sənə sarı hər gün,
Çörək çıraq üçün qaçan çox oldu.
Sən öz ətəyini əsirgəmədin,
Yedi, içdi hər kəs.
Sənin səxavətli ətəklərində.
Sənin əlinlə
Biri damla da oldu,
Nərduvan eylədi səni,
Zirvə axtarırdı, zirvə gəzirdi.
Bunu bilmədi ki ancaq, o nakəs,
Səhənd alçaqlara nərduvan olmaz.
Səhənd zirvədir,
Özü, ucalardan uca bir zirvə.
Doğan Çay
Doğan çay!
Bir daha Təbriz sənə ustad göndərmiş.
Bu dəf´ə Saibanə dada son vermiş,
Sənə Düzgün sayaq fəryad göndərmiş.
Budur,
Danişgahında yurdumundur şə′ni səslənmiş,
Mənim dadım onun fəryadı yüksəlmiş.
Vətəndən ayrılan beş-altı yüz gəncim,
Sənə gəlmiş.
Elim fəxr eyləsin
Qalxsın ayağa,
Tək bə tək «can» söyləsin övladına, hər gün,
Onlara bax dərs deyir Düzgün.
Doğan çay!
Ax, amandır!
Susma, fəryada gəlib gəncim,
Sənin danişgahında yurdumundur şə′ni səslənmiş.
Armanlı Həyat
Sizə təqvalılar nəsli
Desəm,
Səhv etmərəm asla.
Ürəyiz saf, kədərsizdir,
Bu gerçəyi
Deməkdən etmərəm haşa.
Həyatız armanlarla dolu
«Qardaş»!
Həqiqətdir.
«Fəsad»dan hər nədə olsa
Qaçırsız, bu diyanətdir.
Sədaqət gözlərizdən şö′lə saçmış Təbriz üstündən
Baxış, həm davranış sadiq
Mənimçün bu, kəramətdir.
Sizi sərbaz tək xalqın muqəddəs inqilabi qavzadı, «qardaş»!
Ayıq dursaz, ölər düşmən,
Qaçar tülkü,
Köçər çaqqal,
Böyüklərdan bizə qalmış bu altın bir vəsiyyətdir.
Sizə düşmən deyil «Düzgün»
Düşün «qardaş» inan!
Gəl qol-qola ver yat bu səngərdə
Canımdan keçməyə mən də sənin tək hazıram, amma
Mənə düşmən demək,
«- Qardaş!»
Xəyanətdir.
İnana, düşmən bunu yaymış!
Onun qəsdi sədaqətlər önündə,
Armanlar qarşısında,
Tək, xəyanətdir...
Susğun Yatağım
Nə sırlar var yatıb səndə?
Mənim şıltaqlıq oylağım
Uşaqlıq günlərimdə qırmızı köksün yararkən
Yatdığım yurdum yatağım,
Eynalı dağım!
Yenə susğun dayanıbsan, qızıl dağ!
Söyləmişdin sən mənə içdən yanıbsan,
Tarixi fəryad edibsən,
Həmdə bir damla sədaqət ötrü
Minlər dəfə, bidada düşübsən,
Dad edibsən.
Nəğmələr, ahənglər, qaldırmısan sən
«Qoy bəşər asudə olsun
Şən yaşasın.»
Söyləyib,
İnsanlığı əndişəyə cumdurmusan,
Daldırmısan sən.
Qırmızı köksündə qalxan lalələrlə,
Gör nə hay saldırmısan sən?
Hey! Gəvənlər toplayıb köksündə od yandırdığım günlər!
O günlər!
Hardadır bilməm o günlər?
Eynalı dağım,
Mənim şıltaqlıq oylağım,
Bahar çağım!
Qoy qayıtsın bir kərə
Zehnimdə də təsviri canlansın,
Gəvənlər göydə fırlansın,
Sənin sinəndə çıt-çıt yansın odlansın.
«Əli» qoy şahə çəksin:
«Ey ana yurdum...»
Səsin qaldırsın afaqə.
Aman! bəsdir,
Uşaqlıq günlərində qırmızı köksün yararkən,
Yatdığım yurdum, yatağım,
Eynalı dağım!
Bağım baxçam, məzarım ol!
Dəfinə saxla qoynunda, qızıl dağ!
Susma, fəryad et!
Sənə bir damla gözgü tək,
Budur «Düzgün» gəlir...
Bütün bidada bir dad et,
Məni al qoynuna saxla,
Bahar çağları qalx ətrafını yoxla.
Məzarım üstə qoy şıltaq uşaqlar
hay salıb gəlsin,
Gəvənlər toplayıb köksümdə...
Aman, susğun yatağım
Eynalı dağım!...
Əbədi Həyat
Həmişəlik, əbədi borcluyam sənə bilirim
Vətən!
Mənim bu borcu əda etməyə təvanım yox
Mənim ki canım yox
Ki o əbəd olsun!
Sən ey mənim əbədi umduğum ana yurdum
Bütün umudlarımın qaynağı
Təranəsisən,
Ürəkdə əkdiyim hər bir gülün də danəsisən,
Dilək fəsanəsisən.
Mənim özüm də gözüm də sənə nisar olsun!
Sənin böyük gələcək-
Etibarlı şanlı günün,
Həmişə var olsun!
Həmişəlik, əbədi borcumu mənim, Təbriz!
Qəbul eyləgilən,
Qoy yavaş-yavaş ödəyim.
Özüm,
Həm övladım
Və əhfadım
Torunlarım, nəsilim,
Həmişəlik əbədi etibarlı günlərinə,
Borcumuzu
Qoy yavaş-yavaş ödəyək,
Bir də bir vətən yolunda gedək.
Vətən!
Bu borcu əda etməyə
Bizə macal gəl ver...