Atəş-i həsrət
Məni ey can sevərsən gər, canın tək qəlb-ü canınla,
Rəqibi yandırarsan atəş-i həsrətdə anınla.
Mənə «Sâhir» sayağı qavzanıb sidq ilə bir baxsan,
Tikərsən gözlərini qəlbimə qaş-ü kəmanınla.
Sütün qurbanı ollam ay ana! fəryaddan durma,
Gətirdin qeyrətə övladını dad-ü fəğanınla.
Əlin ağrımasın, ağzın dilin dildar, var olsun,
Həyat verdin elə, yüksək həmasi dastanınla.
Sənə göylər dağılsa, yer yarılsa heç zaval yoxdur,
Yaşarsan ellər içrə bu kəlam-i cavdanınla.
Bu ölmüş kəlmələr qalxır ayağa dirçəlir Düzgün,
Gəlib e′caz edirsən Türk dilində öz bəyanınla.
Azərbaycana
Ey səba! söylə mənim halımı ol can alana,
De ki sənsiz daha nə ihtiyacım birdə cana.
Yet ki hicran qəminə yox daha tabım təvanım,
Əğyarın şişəkisi canımı gətdi amana.
Zülm həddindən aşıb, mehr-ü məhəbbət kəsilib,
Həsrətəm bircə nəvaziş eləyən mehribana.
Düşmüşəm xəsm-i dəni həsrinə illər uzunu,
Xəstəyəm, ehtiyacım var bacarıqlı baxana.
Qoyma artıq saralım, qorx solaram axirdə,
Sən də həsrət qalasan mən kimi şirin zəbana!
Daha bundan buyana yoxdu qəmi Düzgünümün,
Canını qurban edib yurdu Azərbaycana.
Sâhir sayağı
Dustum! qiymətini saxla, bəhanı hifz et,
Sənə tapşırdığım əsrar-i nəhanı hifz et.
Aşiqin qəlbinə gər bassan ayaq, öz qəlbin,
Qeyrdən xali elə, sidq-ü səfanı hifz et.
Feyzyab ol babalardan gecə-gündüz, düzgün,
Səndə Sâhir sayağı lütf-ü bəyanı hifz et.
Elm
Təndə can olduqca, öyrən, elmlə et eftixar,
Elmdəndir izzət-ü şə′n-ü şukuh-ü etibar.
Yüksələr millət cahanda mə′rifətlə elmlə,
Cəhldən övlad-i insan xarlığa olmuş düçar.
Sayəsində elmin əlbəttə olursan sərbülənd,
Elmsiz insan olur hər əncüməndə şərmsar,
Elmdən rəhmət gəlir, rahat gəlir insanlığa,
Cəhldən ayiddir insana bəlayi bişümar.
Cahilin salusi var, zülmət kimi püriztirab,
Alimin xidmətləri aydın səhər tək aşikar.
Elmə xidmət göstərən alnı açıq, Düzgün olur,
Cəhl bir qış mislidirsə, elmdir bir nöbəhar.
Yar
Sənə yarlıq eləyir yarın yar,
Çəkir öz duşünə öz barın yar.
Sənin illərcə dalınca qaçdı,
Aşiq xəstədil-i zarın, yar!
Qəlbimə dəymə yarası sızlar,
Tarın ağlatma narın-narın, yar!
Səni bir seyl bilərdim daşğın,
Mən döşündə uca dağların, yar.
Naz-i qəmzə eləyirsən qeyrə,
Yoxmu pis işdə sənin arın yar?
Heyfdir Düzgünü salma ayağa,
Sənə yarlıq eləyir yarın, yar!
Vaxtı
Bir-birizdən yarlar bugün himayət vaxtıdır,
Birləşin, xəsmin beli sınmaqda, vəhdət vaxtıdır.
Qorxmayın, öz haqqızı almaqda cür′ət göstərin,
İndi ehqaq huquq vaxtı, cəsarət vaxtıdır.
Girməyin öz xanəzə, üzlət nişinlikdən nə sud?
Bir gəlin, milli məhafil ilə bey′ət vaxtıdır.
Qırdı zülmət iplərin, dan yeri sökdü sinəsin,
Lacəvərdi bir səhərlə, yar, vəslət vaxtıdır.
Axmaq olma, cəddinin yüksək məqamın hifz elə,
Keçdi zilllət ruzgarı indi şövkət vaxtıdır.
Gər otursan künci evdə, kimsə süt verməz sənə,
Varlıq isbati üçün, Düzgün! şəhamət vaxtıdır.
Xəta
Xətadan gəlmiş əcdadım, sözümdə bir xəta yoxdur,
Ulusum iftixar eylər ki zatımda riya yoxdur.
Gəl ey saqi! mənimlə əyləş-ü əylən, mənimlə ol,
Bizim məsləkdə dostluqda sədaqət var, cəfa yoxdur.
Saqın yarım, özün göstərmə hər bir nakəsə, örtün!
İnanki dun rəqibdə abrı yoxdur, həya yoxdur.
Əlindən hər gələn pisliklərə imkan gəzir düşmən,
Geniş qəlbində həmşəhri, nədən xəsmə cəza yoxdur?
Eşit Düzgün, sənə Təbrizdən bir xoş xəbər gəlmiş,
Ki hicran dərdinə Sâhir kəlami tək dəva yoxdur.
Düşmən-i dun
Qaşların ta məni pamal cunun etmişdir,
Könlümün meylini sevdaya füzun etmişdir.
Mən riyasından həsudun üzümə toz qonmaz,
Yarın əğyarlığı qəlbimi xun etmişdir.
Ellərin içrə tapılmaz idi əxlaqi pozuq,
Bizdə cari beləsin düşmən-i dun etmişdir.
Oğlum aldanma, mühiylanə səninlə danışır,
Türkü hər yerdə dəni xar-ü zəbun etmişdir.
Çoxları söylədi qəlbim yanır əhvalıza, lik,
Bir göz açmaqla ayıldıq ki oyun etmişdir.
Bizə bağlanmış idi məkr ilə, salus ilə o,
Millət övladını qurd ilə qoyun etmişdir.
Düzgün öz düşməninin xasiyətin yaxşı bilir,
Qərnlər yurdunu təsxir onun etmişdir.
Vəfa Saxla
Gəl ey yarım, həsud-i bihəyadan əl götür, bəsdir!
Özün bir məhfil-i sidq əzizanə yetir, bəsdir!
Gəl öz toprağının, öz xalqının damanını dutgil,
Siyasət bazarlar damanını digər ötür, bəsdir.
Əsir ellər diyarında, əsarətdən danış oğlum,
Acı bir dastandır bu, şərəflə gəl bitir, bəsdir.
Səni öz mülk-i pakında, qərib etmiş həsud-i dun,
Onu bir oğru pişik tək buralardan itir, bəsdir.
Yetər bu xəsm-i dun pərvər bizi aldatdı illərcə,
Səfa göstər, vəfa saxla, sədaqət gəl gətir, bəsdir.
Deyir Düzgün: «qocaldım mən, uzun yollara baxmaqdan,
Gəl ey yarım həsud-i bihəyadan əl götür, bəsdir.»
Yerli
Mən-i bimara tərəhhüm elə! ey sevgili yar!
Qılma öz aşiqinə bunca əziyyət, azar.
Sürgünəm el-obada yoxdu qərargah mənə,
Biqəraram düşəli xəstə vü zar-ü bimar.
Necə mən vəsf eləyim halımı ta sən duyasan,
Gen bu dünya mənə əl´anə olubdur daha tar.
Yersiz ə′yan-i əcəm çatdı dalıma köçümü,
Dedi: «dur getməlisən yerli, canın qaç qurtar!»
Atımın alnına gün doğmayacaqdır burada,
Nə günah sahibiyəm? siz söyləyin ey dostlar?
Dözümün qalmasada, odlama Düzgün canını,
Ağlama, başlama əfğanə, amandır, zinhar!
E′caz-dəm
Mən bağladığım əhddə sabit qədəməm yar,
Zülmət gecələr içrə işıq sübhdəməm, yar.
Türk ellərinin milli qrupları qurulmuş,
Bu məhfil-i irfan dahamıdan da kəməm yar.
Aq olmuş ədəbsiz Əcəm ərbab kəmalə,
Bu qovma bilirsən ki vəli ənnəeməm yar.
Vəhdət yaranıbdır, tanıyıb ellər özünü,
Aşüftəliyim görmə, dərunimdə cəməm yar.
Tərk eyləmə gəl yanımı, yannam yana düşsəm,
Sən olmasan hər gah yanımda, ədəməm yar.
Ölmüş sözə can bəxş eləyir türkü lisani,
Düzgün denə kim türkəm o e′caz-dəməm yar.
Qəmmazlıq
Özünə şair adı qoymuş o, şahbazlıq edir,
Mən tək ayna qırana aynə-pərdazlıq edir.
Sanki boş bir evin içrə salaraq hay-bıdırıq,
Meydanı xali görür, öz özünə qazlıq edir.
Yayda tavus sifət göz tikərək öz pərinə,
Bizi saymır özünün qışlığını yazlıq edir.
Şurəzar içrə tikanları yığır daməninə,
Bağbanlar sayağı yə´ni ki gül-bazlıq edir.
Yollara baxmadan atlayalı damdan dama o,
Demək istir hələ cahildi nişan-bazlıq edir.
Vermə yol ev içinə sən bu həsudi, Düzgün!
Çünkü dostların arasında o qəmmazlıq edir.
Azadə
Füzuli zahidin alçaqlığından dadə gəlmişdir,
«O bir əhl-i riyadır» söyləmiş fəryadə gəlmişdir.
Xəlayiq aldanıb zöhdə, riyakara minik vermiş,
Babam əl qavzamışdır göylərə imdada gəlmişdir.
Yeyin gəl saqiya, qurban-i payın, qaç, şitab eylə,
Ki gizlin eyş-ü nuş etmək, rəzil zühhadə gəlmişdir.
Bir əldə təsbih səd danə, diygər əldə səccadə,
Ürəkdən kin-ü nifrət ru-bə-ru hər zadə gəlmişdir.
İnan sidq o səfadan bir əsər yox nəhs ruhunda,
Onun hər əmr o nəhyi dadə yox, bidadə gəlmişdir.
Fəday-i payi ollam mən, səfa əhli, riyasızca,
Bir əldə canını dutmuş, bir əldə badə gəlmişdir.
Gəl ey Düzgün! baban tək, dadə gəl, fəryadə gəl, durma!
O beş günlük bu dünya mülkünə azadə gəlmişdir.
Aldanma
Millətə təhmil olan günlər, acı əyyamdır,
Bamdadı Ariyamehrin qaranlıq şamdır.
Ey müsəlman! gəl gözün aç, türkü təhqir eyləmə,
Kim mədar-i iftixar-i millət-i islamdır.
Səfsətə pərdazlar təlqini əks etmiş sənə,
Türk nami bu cəhanda bir müqəddəs namdır.
Girmə müdhiş uçruma, yanmaz sənə xəsm-i dəni,
Yox sonu bu caddənin qorxunc-u biəncamdır.
«Bir sipah-i canfəşan-i zate mövla, Türkdür»,
Bu, rəsul-i əkrəm-i islamdan peyqamdır.
Qeyrətə gəl Düzgünüm, aldanma var-ü dövlətə,
Qalası mülk-i cəhanda ar, namus, namdır.
İltica
İlaha tapmaram madam kim sən tək sənəm vardır,
Bu dünya üzrə əltafın mənim çün dəm-bə-dəm vardır.
Eşiyə çıx qəd şimşadını seyran edim birdəm,
Sənin tək yarı olanın dərununda nə qəm vardır.
Ürəyimdə cərahət var, dilimdə atəşin sözlər,
Əlimdə odlu məş′əl var, duşimdə elm vardır.
Sən Azərbaycanın binəzir ahuvəş insanı,
Vücudunda dəmadəm dövr edən bir piç-ü xəm vardır.
Utanma, fəxr elə oğlum, şərəflimiş bizim mazi,
Mənim Qurqud Ata təkin müqqədəs bir dədəm vardır.
Ana yurduna dön Düzgün, ona gəl iltica eylə,
Cahana söylə: «qudsi bir pənahgahım, nənəm vardır».
İqrar
Aç qulaqlarını, dinlə məni yar,
Eşqimə bir daha eylə iqrar.
Ulu əcdadımızın mirasıdır:
Bu dəni tapdalayan topraqlar.
Hər bəlaya sinəni gərdin sən,
Mülkə verdin yeni bir istiqrar.
Qaraqış qoyma basa yurd-yuvanı,
Hər kəsin yurduna dönmüşdü bahar.
Düzgünün varlığına imkan ol,
Eşqinə bir daha eylə iqrar.
Şah kəlam
Ellərin eşq hədisi kimi dastan yoxdur,
Mənə Təbriz təki nə kə´bə nə Kən′an yoxdur.
Ürəyim bir tikədir ləhcə nə, xoş sözlərinə,
Ləblərin qəndi kimi dərdimə dərman yoxdur.
Bu ağır ellərimin başın ucaldan sənsən,
Başqa yerlərdə gülüm sən kimi insan yoxdur.
Qəlbimi kimsə alanmaz, ona sahib olamaz,
Ağlımı sehrləyən sən kimi canan yoxdur.
Yada öz yurdu əziz isə, bizim ellərə də,
Azərbaycan misalı rovzey-i rizvan yoxdur.
Əhsən ustadına kim Düzgünü şair qıldı,
Şah kəlamında vücudun kimi nöqsan yoxdur.
Cavan
Oyandıq, gec oyandıq yar getmiş, karvan geçmiş,
Zamanın məhmili əldə, o yandan sarban geçmiş.
Bu əlli ildə türkü dildə milyonlarca insanlar,
Həyata danışan gəlmiş, həyatdan bizəban geçmiş.
Xəbərdar olmadı sımrıq özü ruin libasımdan,
Dəni xəsmin zəhərli tiği könlümə nəhan geçmiş.
Deyər Düzgün cavanam mən, yorulmaq bilmirəm asla,
Heyif doğru danışmır, day günü geçmiş, zaman geçmiş.
Gül
Gəlin yarlar dolun yurda, səfalı yarımız gəlmiş,
Bizi qurtarmağa iqdam edən dildarımız gəlmiş.
Siyasət aləminin dəf′ələr girdabına düşmüş,
Əziz namuslu, izzətli, mətin həmkarımız gəlmiş.
Durun qəflət yuxusundan, günəş saçmış şü′aların,
Gecələr yatmayan bir rəhbər-i bidarımız gəlmiş.
İri addım atın, qalxın, həyatı titrədin bir kəz,
Şərab-i nabdan keflənməmiş hüşyarımız gəlmiş.
Fədakarlıq zəmanıdır, savaş çağıdır, ey dilbər!
Nəsimi tək ayağilə gedən bərdarımız gəlmiş.
Dayan Düzgün Yaşar gəlsin, Səhənd, Eldar yüksəlsin,
Sevin dünyaya bir gül tək gözəl Səttarımız gəlmiş.
Dağ yaran
Nədən bəs vermədin bir hay mənim fəryadıma qardaş?
Ağır günlərdə çatmadın niyə imdadıma qardaş?
Dənilə əhd-ü peyman bağladın, namusunu satdın,
Nə qoydun yadigar qalsın yazıq əhfadına qardaş? Yaraqlan, min ata meydanı xali qoyma, düşmən var,
Üzərliklər sipərəm mən qədd şimşadına, qardaş!
Gözün tikmə dəni əğyar əlinə, dön qayıt gəlgil,
Şərəflə ömr sürmüş bax ulu əcdadına qardaş.
Əlin çək Xosrovun daman-i tər aludəsindən, sən.
Yaxın gəl dağ yaran, qeyrət çəkən Fərhadına qardaş.
Güzərgah-i səfərdir ömr Düzgün, seçmə əyri yol,
Acı günləri – aldanma! – gətir bir yadına qardaş.
Darlıq
Quvvət-i iman verir hərdəm bizə bidarlıq,
Yar ayıl gəl sən də qıl yaran ilə qəmxarlıq.
Sovləti zülmi əcəmlə, tə′neyi xəsmi dəni,
Məndə iycad eyləmişdir zatına bizarlıq.
Bizdə qudrət var ikən, yar idi çakərvəş, vəli,
İndi eylir bu həyasız, yar ilə əğyarlıq.
Kimsənin varlığını, tarixini biz danmadıq,
Bəs nədəndir qovmuma Yarəbb! belə qəddarlıq?
Gəlməyirlər özlərinə Təbrizin aydınları,
Çox çəkəcəkmi cavanlar içrə bu bimarlıq?
Başqa dünya varsa Düzgün, köç qutar, tez var, get!
Sâhirin varlığına etdi bu dünya darlıq.
Aşinasız
Biz sənin çəşmində dildarım bəhasız olmuşuq,
Evmizi sən tərk edəndən aşinasız olmuşuq.
Bu riyakaranla həm söhbət olandan, ey sənəm!
Sidq tərk etmiş bizi, billəh səfasız olmuşuq.
Qeyrət-i milliyəti danmış, əcəmləşmiş kimi,
Vəh nə namussuz, həmiyyətsiz, həyasız olmuşuq.
Hər kəs öz milli nişanın sancdı öz dərgahına,
Biz nədən yəzdanı misaqa vəfasız olmuşuq?
Düşmüşük bir ömr, ardınca dəni xəsmin, nədən,
Qudsi amalımıza çox e´tinasız olmuşuq.
Getməmiş Düzgün diyare qurbətə, bu mülkdə,
Bir qəribin misli, bikəs, aşinasız olmuşuq.
Zaval
Bəzədi özgəni, məndən nədən almadı soraq?
Yar evindən qopalı, getdi qıraq, düşdü uzaq.
Özünə dön gözəlim xəsm-i dəni hiylə edir,
Hava çisginli dumandır, əsəcək sərt sazaq.
Üç min illik ədəbiyyatı necə danmaq olur,
Əcəmin şerr-verinə əzizim vermə qulaq.
Yaz boyun qurbanıyam, düşməsin əldən qələmin,
Su kəsilməz gözədən dəştdə qaynarsa bulaq.
Göy yerə yenməz isə, Türk elinə yoxdur zaval,
Ha uzaq olsa da el, Düzgün aman getmə qıraq.